ABŞ-İsrail münasibətləri tarixi dönüş nöqtəsindədir – Politoloq
ABŞ paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının silahlı hücum nəticəsində qətlə yetirilməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətlərə yeni bir kölgə salıb. Hadisənin baş verdiyi məkan – Yəhudi Muzeyinin yaxınlığı və atəşin yaxın məsafədən açılması, bunun təsadüfi yox, məqsədli bir hücum ola biləcəyi ehtimalını artırır.
Lider-media.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bu insidentin ABŞ-İsrail əlaqələrində mövcud çatların dərinləşməsinin təzahürü olduğunu bildirir. Onun sözlərinə görə, son dövrlər Vaşinqtonla Tel-Əviv arasında diplomatik münasibətlərdə müşahidə olunan soyuma, təkcə konkret hadisələrlə deyil, həm də geosiyasi yanaşmalardakı dəyişikliklərlə bağlıdır.
Zeynal Əmrəliyev qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq siyasətində baş verən dönüş, xüsusilə İranla danışıqların bərpası və husilərlə razılığa gəlməsi İsrailin gözləntilərinə tamamilə zidd idi. İsrail tərəfi ABŞ-dan daha sərt mövqe gözlədiyi halda, Tramp administrasiyası diplomatik yanaşmanı üstün tutmağa başladı. Bu, İsrailin regiondakı əsas təhlükə olaraq gördüyü husilərlə mübarizədə Vaşinqtonun dəstəyinə olan ümidləri puça çıxardı.
Analitik əlavə edir ki, Tramp ilə Netanyahu arasında münasibətlərin kəskinləşməsinin kökü daha əvvəlki illərə dayanır. Belə ki, 2020-ci il prezident seçkilərində Netanyahu Donald Trampın rəqibi Co Baydeni qalibiyyət münasibətilə ilk təbrik edən liderlərdən biri olmuşdu. Bu addım Trampın qəzəbinə səbəb olmuş və münasibətlərdə soyuqluq yaranmışdı.
Son aylar ərzində baş verən digər hadisələr də münasibətləri gərginləşdirib. Xüsusilə, İsrailin Qəzza bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar və bununla bağlı ABŞ vitse-prezidentinin İsrailə planlaşdırılmış səfərini ləğv etməsi Tel-Əvivdə narazılıqla qarşılanıb.
Zeynal Əmrəliyev bildirir ki, bu kontekstdə Vaşinqtonda yəhudi diplomatların öldürülməsi təsadüf kimi qiymətləndirilə bilməz və bu cür hadisələrin arxasında ABŞ-İsrail münasibətlərinin daha da pozulmasında maraqlı olan üçüncü tərəflərin rolu istisna edilmir.
Nəticə etibarilə, Tramp administrasiyasının Yaxın Şərqdə dəyişən prioritetləri, İranla yaxınlaşma və regionda barışıq yönümlü siyasəti ABŞ-İsrail münasibətlərində ciddi dönüş nöqtəsi yaradır. Politoloqun fikrincə, bu münasibətlər hələ uzun müddət qeyri-müəyyənlik içində qala bilər.
Hədiyyə Aslan