Azərbaycan–Macarıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində yeni mərhələyə qədəm qoyur - DEPUTAT
Prezident İlham Əliyevin Macarıstana son işgüzar səfəri Azərbaycan–Macarıstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu səfər, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və daha dərinə inteqrasiya üçün mühüm siyasi iradənin göstəricisidir.
Macarıstan və Azərbaycan arasında əlaqələr son illər ərzində ardıcıl və dinamik şəkildə inkişaf edib. Statistikaya nəzər salsaq, prezidentlər səviyyəsində 8, hökumət başçıları səviyyəsində 7, parlament sədrləri səviyyəsində 5, xarici işlər nazirləri səviyyəsində isə 19 olmaqla, ümumilikdə 39 qarşılıqlı səfər baş tutub. Eyni zamanda, beynəlxalq platformalarda hər iki ölkə qarşılıqlı dəstəyə əsaslanan münasibət nümayiş etdirib.
Deputat Bəhruz Məhərrəmovun fikrincə, Azərbaycan–Macarıstan münasibətlərini irəli aparan əsas amil liderlərin bir-birinə olan qarşılıqlı etimadı və etibarlı tərəfdaşlıq mühiti qurmaq bacarığıdır. Macarıstanın Baş naziri Viktor Orbanın da qeyd etdiyi kimi, Azərbaycan Prezidenti istənilən sahədə – diplomatiyadan tutmuş enerji sektorunadək – Macarıstanın yanında olub və bu gün Budapeştdə Prezident İlham Əliyevə strateji müttəfiq kimi etibar edilir.
Bu əlaqələrin fonunda Prezident İlham Əliyevin Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı xüsusi əhəmiyyət daşıyır. Macarıstan müşahidəçi statusunda olsa da, belə bir tədbirə ev sahibliyi etməsi təşkilatın təsir dairəsinin genişləndiyini göstərir ki, bu da Azərbaycanın xarici siyasət prioritetləri ilə tam uyğun gəlir. Prezident İlham Əliyev andiçmə mərasimində Türk dünyası ilə əməkdaşlığı Azərbaycanın əsas diplomatik kursu kimi göstərmişdi. Budapeştdəki çıxışında da dövlət başçısı iqtisadi-ticari münasibətlər və investisiya sahəsində konkret rəqəmlərlə bu əməkdaşlığın real məzmun daşıdığını ortaya qoydu.
Deputatın qənaətinə görə, qlobal müstəvidə gərginliklərin artdığı bir dövrdə Azərbaycan və Macarıstan arasında münasibətlərin yüksələn xətt üzrə davam etməsi, hər iki ölkənin siyasi yetkinliyinin və qarşılıqlı maraqlara əsaslanan strateji baxışının bariz nümunəsidir.
Hədiyyə Aslan