Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində cəsur oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Bu müharibədə azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. Həmin qəhrəmanlardan biri də yəhudi xalqının nümayəndəsi, adı dillərdə əzbər olan Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovdur. Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir.
Ötən il sosial media şəbəkələrində paylaşılan 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsinin demontaj olunaraq ərazidən götürülüb, Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilməsi görüntüləri hər bir azərbaycanlı tərəfindən böyük qürurla izlənilirdi.
Qeyd edək ki, sözügedən texnika Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi. Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
1992-ci il, Şuşa şəhəri, havaya ucalan güllə, artleriya səsləri, vətən üçün savaşan oğullar. Həmin ilin may ayının 8-də Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan fəxri erməni bayrağı verilib. Bu tankın komandiri erməni Qaqik Avşaryan idi. Onun 442 nömrəli tankı Şuşaya girməyə cəhd etdiyi anda milli qəhrəmanımız Albert Aqarunov tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü-mexanik Aşot Abanisyan və atıcı-artrelist Şahin Sarkisyan maşının kabinəsində məhf edilir.
Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, tünd yaşıl rəngə boyuyub və onun 442 nömrəsini ağ rənglə gövdəsinə yazıb təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə saxlayırdılar. İşğal dövründə hər il Şuşanın işğalı günü ermənilər onun tankını ziyarət edir, hansı ki, o separatçı, işğalçı eyni zamanda mülkü insanları qətlə yetirən bir şərəfsizin tankını ziyarət etməsi, önünə gül qoyması əlbətdə ki, Azərbaycan xalqının yarasına od basmaq, qıcıqlandırmaqdan başqa bir şey deyildi.
Nəhayət ermənilər tərəfindən Xankəndi-Şuşa yolunda qələbə simvolu kimi qoyulan tankın ərazisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda Qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli anti-terror tədbirləri nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçdi. 22 sentyabr tarixində texnika oradan götürüldü. Beləliklə, ermənilərin 30 illik qüruru indi metal qırıntılarına qarışaraq yeri 44 günlük Vətən müharibəsində götürülmüş Qənimətlər Parkındakı qənimətlərin yanı oldu. Bu isə birmənalı olaraq tarixi ədalətin bərpasını göstərir. Təbii ki, Qənimətlər parkında yeni bir erməni tankını görmək azərbaycanlılar üçün nə qədər qürurverici və sevindirici bir hiss olmaqla yanaşı bizə qarşı yönəlmiş bir silahın aqibətinin necə olmasını göstərmək üçün atılan mühüm addım oldu.
Onu da qeyd edək ki, şərəfli döyüş yolu qəhrəmanlıqla bol olan Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilər hələ onun başına beş milyon rubl pul mükafatı da qoyublarmuş. 1969-cu il aprelin 25-də Bakı şəhərində dünyaya göz açan Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Qızıl ulduz” medalı, “Vətən övladı” və “Həzi Aslanov” ordenləri ilə təltif olunub. Bakıda təhsil aldığı məktəb qəhrəmanın adını daşıyır. Məktəbin qarşıısında Albertin büstü qoyulub.
Ümüd edirik ki, Albert Aqarunovun növbəti bir büstünün sözügedən tankın yerində qoyulması daha əhəmiyyətli ola bilər. Çünki, həmin tankın taleyilə bağlı ermənilər “qəhrəman” kimi Qaqik Avşaryanı təqdim etsə də haqq-ədalətə, reallığa gəldikdə isə əsil qəhrəman Albert Aqarunovdur.