lider-media.az

Azərbaycan–İsrail hərbi əməkdaşlığı strateji müstəviyə keçir - POLİTOLOQ RƏYİ

Tarix: 20-05-2025, 23:33

 

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin İsrailin Təl-Əviv şəhərinə rəsmi səfəri təkcə ikitərəfli müdafiə əlaqələrinin inkişafı ilə məhdudlaşmır. Lider-media.az-a danışan politoloq Turan Rzayevin fikrincə, bu səfər daha geniş mənada Azərbaycanın təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı, regional risklərin idarə olunmasında praqmatik yanaşmanın təzahürüdür.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrailin müdafiə naziri İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirlə görüşüb. Görüşlərdə ölkələr arasında hərbi əməkdaşlıq, xüsusilə də hərbi-texniki və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Nazir müavini Aqil Qurbanovun İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baramla keçirdiyi görüş isə texnologiya transferi, birgə istehsal və hərbi təlim sahələrində konkret planları gündəmə gətirib.

Turan Rzayev bildirir ki, Azərbaycanın İsraillə hərbi tərəfdaşlığı sadəcə texniki əməkdaşlıqla yekunlaşmır. Bu münasibətlər 44 günlük Vətən müharibəsində öz səmərəsini göstərmiş, xüsusilə İsrail istehsalı olan pilotsuz uçuş aparatları və kəşfiyyat texnologiyaları Azərbaycanın üstünlüyünü təmin etmişdi. Hazırda isə bu əlaqələr daha dərinə gedərək strateji xarakter almaqdadır.

Ekspertin fikrincə, Azərbaycan–İsrail müdafiə əməkdaşlığı Cənubi Qafqazda dəyişən güc balansı kontekstində də əhəmiyyətlidir. Bu əməkdaşlıq təkcə Azərbaycanın təhlükəsizliyinə zəmanət vermir, eyni zamanda regiondakı digər güc mərkəzlərinə də siyasi siqnal funksiyası daşıyır. Bu baxımdan, bəzi ölkələrin, xüsusilə İranın narahatlığı da başadüşüləndir. Lakin Rzayev hesab edir ki, Azərbaycan bu münasibətləri balanslı şəkildə idarə etməyi bacarır.

Siyasi analitik onu da vurğulayır ki, Azərbaycanın xarici siyasəti çoxtərəfli əməkdaşlığa əsaslanır. Bakı həm İsrail, həm Türkiyə, həm də İranla paralel şəkildə işləməyi bacarır. Məsələn, Zakir Həsənov mayın 13-də Azərbaycanda səfərdə olan Türkiyə müdafiə naziri Yaşar Gülərlə görüşmüş, “Araz-2025” təlimləri çərçivəsində isə Azərbaycan və İran hərbçiləri Qarabağda birgə tapşırıqlar icra etmişdi.

Rzayevə görə, bu praqmatik yanaşma Azərbaycanın İsrail–Türkiyə münasibətlərində vasitəçi, “körpü aktoru” kimi çıxış etməsinə imkan verir. Bakı hər iki tərəflə yüksək səviyyəli əlaqələrə malik azsaylı ölkələrdəndir və bu unikal mövqe Azərbaycanın regional və beynəlxalq nüfuzunu gücləndirir.

Ekspert səfərin həm müdafiə, həm də diplomatik baxımdan mühüm nəticələr verəcəyini vurğulayır. Bu, Azərbaycanın təhlükəsizlik strategiyasının yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir.

Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi