“Avropa Siyasi Birliyi”nin Albaniya səhifəsi: Nələr baş verdi? Politoloq rəyi
“Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin altıncı beynəlxalq sammit Azərbaycanın xarici siyasətində mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər”.
Politoloq Əli Zülfüqaroğlu bunu Lider-media.az-a danışarkən deyib.
Onun sözlərinə görə, bu tip tədbirlər dövlətlərarası münasibətlərin inkişafı və qarşılıqlı maraqların irəli sürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq platformalar, xüsusilə də bu cür çoxformatlı sammitlər, dövlətlərin bir-biri ilə birbaşa təmas qurması, strateji mövqelərin uzlaşdırılması və regional təşəbbüslərin təşviqi üçün əlverişli məkandır. Bu baxımdan Albaniyada baş tutan sammitin də əhəmiyyətini yüksək qiymətləndirmək lazımdır.
“Azərbaycan Prezidenti İlham Əliyev tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdi. Bu görüşlərdə ona olan yüksək diqqət və iştirak etdiyi müzakirələr ölkəmizin beynəlxalq arenadakı mövqeyinin gücləndiyini bir daha sübut etdi. Prezidentin Albaniya hökumət başçısı, qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət və hökumət rəhbərləri ilə keçirdiyi danışıqlar gələcək əməkdaşlıq perspektivləri baxımından olduqca vacibdir”.
Analitikin fikrincə, belə beynəlxalq tədbirlər Azərbaycan üçün həm regional, həm də qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əlavə fürsətlər yaradır. Bu cür sammitlərə strateji prizmadan baxsaq, aydın görünür ki, Azərbaycan qarşılıqlı maraqlar əsasında yeni diplomatik əlaqələr qurmaq və mövcud münasibətləri dərinləşdirmək niyyətindədir. Həm də ölkə başçısının Albaniya səfəri və sammitdə iştirakı yalnız protokol xarakteri daşımır, eyni zamanda, regionun və dünyanın aktual siyasi gündəmində Azərbaycanın fəal aktor olduğunu bir daha təsdiqləyir.
“Albaniyada keçirilən sammitdə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş baş tutub. Bu görüşdə hər iki tərəfin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində sülh sazişinin yekunlaşdırılması və sərhədlərin delimitasiyası kimi məsələləri müzakirə ediblər. Nəticədə, xarici işlər nazirlərinə sülh sazişinin mətnini tezliklə tamamlayaraq imzalanması üçün tapşırıqlar verilib”.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin altıncı sammiti mayın 16-da bütün qitənin liderlərini Albaniyanın paytaxtı Tiranada “Yeni dünyada yeni Avropa: Birlik – Əməkdaşlıq – Birgə fəaliyyət” mövzusunda bir araya gətirib.
Hədiyyə Aslan