lider-media.az

Politoloq: “Azərbaycanın "Avropa Siyasi Birliyi" Zirvəsində iştirakı enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır"

Baxış: 12 Tarix: 16-05-2025, 19:33

Albaniyanın paytaxtı Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə Toplantısı keçirilir. “Yeni birlik, yeni Avropa” şüarı altında təşkil olunan bu görüşdə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi və onun yaratdığı geosiyasi gərginliklərdir. Bununla yanaşı, Avropanın iqtisadi və enerji təhlükəsizliyi məsələləri də gündəmdədir.

Bu barədə politoloq Yusif Bağırzadə Lider-media.az-a açıqlamasında bildirib ki, demokratik institutların dayanıqlılığı, Avropada siyasi sabitlik və enerji təchizatı bu cür zirvə görüşlərinin əsas mövzuları sırasında yer almağa davam edir.

“Azərbaycanın bu zirvədə iştirakı, xüsusilə enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. 1999-cu ildə imzalanmış sazişə əsasən, Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm ticarət tərəfdaşıdır. Aİ ölkələri Azərbaycana 70 milyard avrodan çox investisiya qoyub. Eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan Avropa üçün enerji təchizatçısı rolunu oynayır”.

Politoloqun sözlərinə görə, Azərbaycan yalnız qazla deyil, həmçinin Qara dəniz hövzəsində həyata keçirilən yeni enerji layihələri ilə də Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir.

Yusif Bağırzadə bildirib ki, Tiranada keçirilən bu zirvə əvvəlki – 5-ci görüşdən bir əhəmiyyətli məqamla fərqlənir:

“Ötən dəfəki toplantıda Azərbaycan iştirak etməmişdi. Bu dəfə isə Prezident İlham Əliyev zirvəyə qatılıb və burada Ermənistanın Baş naziri Nikol Paşinyanla rəsmi görüş baş tutub. Bu, münaqişənin həlli baxımından önəmli siyasi jestdir”.

O, həmçinin Albaniyanın vasitəçi kimi bu görüşdə çıxış etməməsinə də münasibət bildirib. Onun fikrincə, artıq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar mərhələsi başlayıb və üçüncü tərəfin iştirakı zəruri deyil:

“Həm Azərbaycan, həm də Ermənistan tərəfi bu məsələdə birbaşa danışıqlar aparır. Nə Avropa İttifaqının, nə Rusiyanın, nə də ABŞ-nin vasitəçiliyinə ehtiyac qalmayıb. ATƏT-in fəaliyyətsizliyi də bunu sübut edir”.

Sonda politoloq qeyd edib ki, Tiranadakı bu görüş qeyri-rəsmi xarakter daşısa da, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinə töhfə vermə potensialına malikdir:

“Bu görüş, birbaşa danışıqların davam etdirilməsi baxımından mühüm mərhələdir. Sülh danışıqlarından yayınmayan Azərbaycan tərəfi bu platformalardan istifadə edərək prosesə təkan verməkdə maraqlıdır”.


Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi