lider-media.az

Qarabağ və Şərqi Zəngəzur inkişafın, rifahın rəmzinə çevrilir

Baxış: 216 Tarix: 15-05-2025, 17:37

 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi bölgüsünü yenidən şərtləndirmişdir.

 9–10 may tarixlərində  Prezidenti  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri  bu bölgələrdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl aparıldığını bir daha nümayiş etdirir. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir.

  Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında  və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunur. İndiyədək Şuşaya 376 ailə – 1409 nəfərdən artıq sakin köçürülüb,  proses  mərhələli şəkildə davam etdirilir.

 Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın növbəti səfəri Xocalı rayonuna oldu. Dövlət başçısının səfəri zamanı burada “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. 

 İşğal dövründə tamamilə viran qoyulan Ağdam da  yeni inkişaf mərhələsindədir. Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə dövlət başçısının  Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı görüşdə Ağdam sakinlərinə növbəti şad xəbəri  verdi,  qeyd etdi ki, rayonun Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır və yaxın aylarda orada da həyat öz axarına düşəcək. Ölkə başçımız rayona səfəri çərçivəsində, həmçinin Ağdam Vağzal Kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək.

 Bəli, Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərimiz bu gün sürətlə dəyişir, dirçəlir və inkişaf edir. Yeni şəhərsalma layihələri, müasir yaşayış kompleksləri, mədəni, sosial və iqtisadi infrastruktur obyektləri, abadlaşdırılmış park və ictimai məkanlar bölgədə həyatın tam mənada bərpa olunduğunun göstəricisidir. Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas hədəf keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlara həyat bəxş edilir. Qarabağ və Şərqi Zəngəzur artıq təkcə xatirələrin yox, həm də gələcəyin, inkişafın və rifahın rəmzinə çevrilir.

Belə səfərlər isə yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bütün regionlarda, xüsusilə Qarabağda  aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür.

Prezident İlham Əliyevin regionların davamlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksət standartlara cavab verən sosial-rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaradılması istiqamətindəki uğurlu fəaliyyəti Azərbaycanın hər sahədə günü-gündən daha da inkişafına təkan verir.

Bu gün fəxarətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev siyasəti regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısı, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva isə  bu uğurlu kursun davamçılarıdır.

Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi