15 may- Beynəlxalq Ailə Günüdür

Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.
1994-cü ildən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çalışır.
Ailə cəmiyyətin əsas elementi kimi bəşəri dəyərlərin, mədəniyyətin və nəsillərin davamlılığını təmin edən sabitlik və inkişaf amilidir. Buna görə də hər bir dövlətin əsas vəzifəsi cəmiyyətdə firavan, uğurlu, mənəvi-əxlaqi prinsiplərə söykənən ailə modelini formalaşdırmaqdır. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb. Bu məqsədlə 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Bu məsələyə daim böyük həssaslıqla yanaşan ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanım. Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.