Azərbaycanın Türk dünyasındakı yeri və əhəmiyyəti barədə Türkiyədə kitab nəşr olunub
Türkiyədə Azərbaycanın Türk dünyasındakı yeri və əhəmiyyəti ilə bağlı yeni kitab işıq üzü görüb.
Lider-media.az xəbər verir ki, "Türk dünyası araşdırmaları: Azərbaycan” adlı kitab İbn Haldun Universiteti nəşr evinin dəstəyi ilə Yaşar Sarı və Ömer Faruk Karaman tərəfindən qələmə alınıb. Kitaba ön sözü isə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir yazıb.
Kitabda qeyd olunur: "Azərbaycan coğrafi mövqeyi, tarixi proseslər və mədəni kimliyi baxımından türk dünyası içərisində önəmli yerə sahibdir. Azərbaycan tarixi, mədəni, geosiyasi və strateji xüsusiyyətləri ilə türk dünyasında mərkəzi əhəmiyyətə malikdir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə dostluq deyil, həm də strateji, dərin və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Bundan əlavə, iki ölkənin əməkdaşlığı türk dünyasının inteqrasiyası və qlobal mənada daha effektiv rol oynaması baxımından çox dəyərlidir…”.
Qeyd edək ki, "Türk Dünyası Araşdırmaları: Azərbaycan” kitabı Türk Dünyası Monitorinq Mərkəzinin təşəbbüsü ilə türk dövlətləri ilə bağlı dərin araşdırmalara yönəlmiş tədqiqat silsiləsinin ilk əsəridir. Bu tədqiqat Azərbaycanın tarix, siyasət, iqtisadiyyat, mədəniyyət və beynəlxalq münasibətlər sahələrində mövcud dinamikasını akademik nöqteyi-nəzərdən araşdırır.
Öz sahələrində mütəxəssis olan gənc tədqiqatçılar tərəfindən hazırlanmış fəsillər İkinci Qarabağ müharibəsindən tutmuş enerji siyasətinə və ictimai diplomatiyaya qədər geniş spektri əhatə edən çoxölçülü sahələrdə Azərbaycanı aydın şəkildə təhlil edir.
Səadət