lider-media.az

Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial dövlət modelinin müəllifidir

Baxış: 6 Tarix: 10-05-2025, 11:45

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, dünya birliyində layiqli yeri, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, Cənubi Qafqaz regionunun güc mərkəzi olan,  möhtəşəm Zəfər zirvəsinə yüksələrək, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş, eyni zamanda, güclü sosial siyasətə malik olan bir ölkədir. Bu tarixi nailiyyətlərin əsasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi dayanır.

Bütün həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində respublikamızı keçmiş ittifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr sırasına çıxarıb. Həmin illərdə Azərbaycanda iqtisadiyyatın dinamik tərəqqisi təmin edilməklə, böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisənin yaradılmasına, məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə artırılmasına, orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsinin dəfələrlə genişləndirilməsinə, davamlı sosial inkişafa nail olunub. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan, xaos və anarxiyadan xilas edib. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyev milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və inkişafını təmin edərək, eyni zamanda ölkənin sosial inkişaf strategiyasını formalaşdırıb və həmin vaxtlardan əhalinin sosial müdafiəsi istiqamətində mühüm tədbirlərə başlanıb. 

Ulu Öndərin müəllifi olduğu, ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilən, demokratik dəyərləri özündə birləşdirən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında  insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu bildirilir. Konstitusiyamızda qeyd olunur: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".

Ümumən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Həmçinin MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, sosial müdafiə, məşğulluq və əmək miqrasiyasına dair qanunvericilik bazası yaradılıb, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiqlənib, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu (hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti) yaradılıb.   

Ulu Öndər Heydər Əliyevin tapşırıqları əsasında şəhid ailələrinə, əlilliyi olan şəxslərə dövlətin qayğısı ildən-ilə artırılıb. “Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz”,  deyən Ümummilli Lider Heydər Əliyevin tapşırıqları əsasında hələ ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan insanların mənzillə təminatı, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanların minik avtomobilləri ilə təminatı proqramlarına başlanıb. Əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, əlilliyi olan şəxslər üçün yeni bərpa-müalicə müəssisələrinin yaradılması və şəbəkəsinin ildən-ilə genişləndirilməsi təmin olunub. 

Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən, uğurlu daxili və xarici siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan öz tarixində sürətli tərəqqi yoluna çıxaraq, mühüm tarixi nailiyyət və qələbələrə imza atıb, möhtəşəm tarixi Zəfər qazanıb, ərazi bütövlüyünü və suverenliyini, tarixi ədaləti bərpa edib.  

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyası da Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir və güclü sosial siyasətə malik Azərbaycanda sosial islahatlar davamlı xarakter alıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır" deyən dövlət başçısının tapşırıqlarına əsasən, ölkəmizdə sosial sahədə ardıcıl və məqsədyönlü islahatlar aparılaraq, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının xeyli genişləndirilməsi, müasir və etibarlı, dayanıqlı sosial təminat sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. 2018-ci ildən ötən dövrdə də dövlətimizin başçısının tapşırıqları əsasında 5 sosial islahat paketi reallaşdırılıb.  Bu islahatlar illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Nəticədə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artıb.   

Birinci vitse-prezidenti Mehiriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illərin sosial islahatlarının mühüm uğurlarından biridir. Bu konsepsiya 161 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. İndiyədək Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində isə DOST filialı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,5 milyondan çox vətəndaşa xidmət göstərilib  və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,5 faizdir.  DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub ki, onlardan 12-si  “Avropa üçün yaxşı təcrübə mükafatı”dır. 

Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da uğurla davam edir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənib. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil verilib. 

Sosial sahədə aparılan islahatlar ölkənin reabilitasiya sisteminin də müasir tələblərə uyğun qurulmasına imkan yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, eyni zamanda, qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib.  Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində də son illər mühüm nailiyyətlər əldə edilib. Nazirliyin 159 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq elektronlaşdırılıb. 

Azərbaycanın sosial sahədə əldə etdiyi bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin yüksək səviyyədə davam və inkişaf etdirdiyi, vətəndaş rifahının təminatına xidmət edən güclü sosial siyasətin uğurlarıdır. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi