lider-media.az

Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 3 Tarix: 8-05-2025, 16:34

2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.

Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərini nəzərə alaraq, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi