Naxçıvanda “Konstitusiya marafonu” layihəsinə start verilib
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya marafonu” layihəsinə start verilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihənin açılış mərasimində universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikanın bir sıra təşkilatları, nazirlik, komitələri ilə birgə müxtəlif mövzularda planlaşdırdığı tədbirlər planının icrasını davam etdirir. Bu il həm də ona görə əlamətdardır ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü qeyd edilir. Naxçıvan Dövlət Universiteti dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri kimi il ərzində müəllim və tələbələrin iştirakı ilə bu istiqamətdə tədbirlərini davam etdirəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev bildirib ki, Ali Məhkəmə ilə universitet arasında uzunmüddətli qarşılıqlı əlaqələr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış birgə əməkdaşlıq haqqında anlaşma memorandumu ilə daha da inkişaf etdirilib. Universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri mütəmadi olaraq məhkəmələrdə genişmiqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb olunur, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfranslar, seminarlar, təlim kursları, mühazirə və görüşlər həyata keçirilir. Əli Allahverdiyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquq ictimaiyyəti üçün əhəmiyyətli hadisədir. “Konstitusiya marafonu” layihəsinin məqsədi də Konstitusiyanın əhəmiyyətinin və konstitusion dəyərlərin geniş təbliğinə nail olmaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Surə Qurbanova layihə barədə geniş məlumat verib, həmçinin hər bir mərhələ üzrə nəzərdə tutulmuş tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbir Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımov, həmin kafedranın müəllimi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilovun iştirakı ilə panel müzakirələrlə davam edib. Müzakirələr zamanı rəqəmsallaşmanın yaratdığı yeni reallıqların hüquqi münasibətlərə mümkün təsirləri barədə fikirlər səsləndirilib.
Qeyd edək ki, ayrı-ayrı mərhələlər üzrə ümumilikdə bir ay davam edəcək layihənin məqsədi tələbələrə konstitusion dəyərlərin aşılanması ilə yanaşı, onlarda tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqların inkişaf etdirilməsidir.