Cinayət aktivlərinin bərpası sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir
Cari ilin 11-12 aprel tarixlərində Azərbaycan Respublikasının müşahidəçi qismində üzv olduğu Mərkəzi və Şərqi Asiya üzrə Aktivlərin bərpası üzrə qurumlararası şəbəkəsinin (ARİN) Avstriya Respublikasının Vyana şəhərində illik ümumi yığıncağı, həmçinin “Aktivlərin bərpası – müvafiq araşdırma və aktivlərin bərpası üzrə qurumların fəaliyyəti” mövzusunda regional treninq keçirilib.
Aktivlərin bərpasında dövlət-özəl sektor əməkdaşlığı, aktivlərin idarə edilməsi orqanlarının yaradılmasına ehtiyac olan yurisdiksiyaları dəstəkləmək məqsədi ilə bu sahədə ən yaxşı təcrübələrinin öyrənilməsi və cinayət aktivlərinin bərpasında əməkdaşlığın artırılması mövzularına həsr olunmuş tədbirdə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin prokuroru Aytəkin Əhmədova iştirak edib və qarşıya qoyulan məsələlərə münasibət bildirərək ölkəmizdə bu sahədə əldə edilmiş yenilikləri diqqətə çatdırıb.
Tədbirdə ARİN şəbəkəsinə üzv və müşahidəçi qismində qəbul edilmiş ölkələrin ümumilikdə 47 nümayəndəsi, o cümlədən şəbəkənin Karib dənizi (ARİN-CARİB), Qərbi və Mərkəzi Asiya (ARİN-WCA), Asiya Sakit Okean (ARİN-Asia Pacific) ofisinin əməkdaşları iştirak etmişlər. Tədbirdə həmçinin Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Araşdırma İnstitutu və Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatların, Belçika Krallığının Həbs və müsadirə üzrə mərkəzi ofisi, Avropa Komissiyası, “Eurojust”, “Europol”, Avropa Prokurorluğunun əməkdaşları ekspert qismində iştirak edərək iştirakçılarla aktivlərin bərpası sahəsində öz təcrübələri ilə bölüşüblər.
Görüşlər zamanı ekspertlər gələcəkdə aktivlərin bərpası sahəsində effektiv nəticəyə nail olunması üçün təşkilata üzv dövlətlər arasında əlaqələrin sıxlaşdırılması, daha çox sorğu mübadiləsi, verilən cavabların müddətinin maksimal tezliyə çatdırılması, xüsusən maliyyə istintaqı institutunun tətbiqi, cinayət yolu ilə əldə edilmiş əmlakın dərhal dondurulması, məlumat bazalarına sürətli çıxışın təmin olunmasının vacib olduğunu bildiriblər.
Yekunda növbəti ildə müşahidəçi dövlətlərin ARİN şəbəkəsinə üzvlüyü məsələsinə baxılması və növbəti il üçün sədrliyin Türkmənistan Respublikasına keçməsi qərara alınıb.