Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Baş Prokurorluq birgə respublika elmi-praktiki konfrans keçirib
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi ilə əlaqədar prokurorluq orqanlarında silsilə tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq aprel ayının 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Baş Prokurorluğun, Vəkillər Kollegiyasının, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya milli iradənin və suverenliyin təzahürü kontekstində: yeni reallıqlar və strateji hədəflər” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
Tədbiri açıq elan edən Akademiyanın rektoru, hörmətli akademik Urxan Ələkbərov qonaqları salamlayıb, ölkəmizdə aparılan geniş miqyaslı işlər barədə bəhs edib.
Konfransda salamlama nitqi ilə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov tədbir iştirakçılarını təmsil etdiyi qurum tərəfindən qanunların Konstitusiyaya uyğunlaşdırılması sahəsində görülmüş işlər haqqında, eləcə də Akademiya və Mərkəz arasında formalaşmış əlaqələr barədə geniş məlumat verib, Mərkəzin şöbə prokuroru Ruslan Ağayev isə mövzu ətrafında məruzə ilə çıxış edib.