lider-media.az

Azərbaycan dünyada hərtərəfli və dinamik inkişaf edən ölkələrdəndir

Baxış: 10 Tarix: 2-05-2025, 12:14

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dövlətin, biznesin və əhalinin maraqlarının harmoniyasına söykənərək, meqalayihələrin qovşağı, sivilizasiyaların dialoqu aparılan dayanıqlı və sistemli inkişaf edən bir ölkə imicini qazanmışdır.

Azərbaycan Prezidentinin siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Rəsmi Bakı ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür.

Bu siyasətin çoxsaylı parametrləri sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusa tam adekvat olaraq dövlət başçısı həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Bu unikal şəxsi keyfiyyətlər Prezident İlham Əliyevin harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin edir.

Azərbaycanla Çin dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri qarşılıqlı əlaqələrin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Aprelin 22-24-də Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük kömək göstərdi. Səfər çərçivəsində Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədləri imzalandı. Səfər günlərində Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkələr arasında münasibətləri yüksək dəyərləndirdi.

"Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Mənə gəldikdə, səlahiyyətlərimə başlayanda mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu".

Dövlət başçısı qeyd etdi ki, sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik: "Siz qeyd etdiyiniz kimi, yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub".

Ölkəmiz Avrasiyanın strateji və iqtisadi mərkəzlərindən biri olmaq, iqtisadiyyatını və infrastrukturunu daha da inkişaf etdirmək, xalqın həyat standartlarını yüksəltmək və beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün strateji planlar həyata keçirir. Enerji sahəsindəki irimiqyaslı layihələr,

infrastrukturun inkişafı və digər strateji sahələrdə görülən bu işlər Azərbaycanın dünya iqtisadiyyatında daha vacib və nüfuzlu rol oynamasına imkan verir. Bu inkişaf yolunda Prezident İlham Əliyev Azərbaycanın tarixində yeni bir səhifə açır.

Müsahibəsində ölkəmizin xarici və daxili siyasətinə, iqtisadi əlaqələr, nəqliyyat, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına toxunan, jurnalistin suallarını ətraflı cavablandıran dövlətimizin başçısı gələcək əməkdaşlıq əlaqələrindən də danışdı. Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərdə iqtisadi məsələlər xüsusi yer tutur. İqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar, Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı istiqamətlərində inkişaf edir. Onu da qeyd edək ki, Çin Azərbaycanın ən çox Ticarət evi açdığı ölkədir. Burada ölkəmizin 6 ticarət evi (o cümlədən əlavə filialları) fəaliyyət göstərir. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu hər iki dövlətin ortaq iradəsini ifadə etməklə böyük əhəmiyyətə malikdir. Çin hazırda dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir.

Ümumiyyətlə, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə geosiyasi iradəsini nümayiş etdirir. Respublikamızın daxili və xarici siyasət kursunun əsas prioriteti milli maraqlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür. Eyni zamanda uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideyanın, konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Nəticə etibarilə Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasını və qəbul olunmasını təmin edib.

Ermənistan istisna olmaqla bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. 2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində fəaliyyəti böyük uğur idi. ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir. Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru da çox böyük hadisədir.

Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il sədrlik ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir. Bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırdı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü.

İqtisadi münasibətlər istənilən halda həm siyasi, həm iki dövlət arasındakı digər sahələrdəki münasibətlərə, eləcə də iki xalq arasında inkişafa rəvac verən müsbət amillərdir. Azərbaycan iqtisadi cəhətdən regionun aparıcı dövlətidir və ölkəmizin iştirak etməyəcəyi hansısa layihə regionda reallaşa bilməz. Bu səbəbdən də Çin Xalq Respublikası, eləcə də bu ölkənin şirkətləri Azərbaycan üzərindən tranzit daşımalarına, iqtisadi sahədə münasibətləri daha da inkişaf etdirməyə maraq göstərirlər.

Azərbaycan Prezidenti Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində qeyd edib ki, ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır: "Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm". 

Hazırda isə  Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Bir sözlə, dövlət başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər və müzakirə olunan məsələlər, iqtisadi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.


Nurəngiz Adilqızı.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi