Vüqar Rəhimzadə: Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından böyük önəm kəsb edir
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.