lider-media.az

Təhlükəsiz yaşamaq naminə dünyamızı qoruyaq

Baxış: 8 Tarix: 22-04-2025, 09:06

22 Aprel  “Beynəlxalq Yer Kürəsi günü”dür

 Yaşadığımız dünya, bizi əhatə edən  aləm Yer kürəsi adlanır.  Yer kürəsinin öz oxu ətrafında fırlanması  nəticəsində  günlər,  gecələr yaranır, iqlim dəyişir və müxtəlif təbiət hadisələri baş verir. Milyardlarla il əvvəl günəş sistemi yaranarkən böyük bir qaz və toz buludu idi və bu buludun içərisində dönmə hərəkəti var idi. Bu bulud zamanla daralaraq müxtəlif planetləri yaratdı və bu planetlərin hər biri öz fırlanma hərəkətini qorumağa başladı. Yer kürəsinin fırlanma sürəti ekvatorda təxminən 1670 kilometr saatdır. Bu sürət coğrafi enliyə görə dəyişir. Qütblərə yaxınlaşdıqca fırlanma sürəti azalır. Bunun səbəbi isə qütblərə yaxın olan nöqtələrin daha kiçik dairəvi yol qət etməsidir. Yer kürəsi öz oxu ətrafında təxminən 24 saatda bir tam dövr edir ki, bu da planetimizin təbii tarazlığını qoruyur və həyatın ritmini saxlamaqla  gündəlik zaman anlayışının əsasını təşkil edir.  Odur ki, kainatı daha dərindən anlamağımıza və gələcəyimizi daha yaxşı planlaşdırmağımıza imkan yaradan beynəlxalq “Yer Kürəsi Günü” də xüsusi əhəmiyyət kəsb edir.


      Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü"nün keçirilməsi  ənənəsi XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer Kürəsi Günü” adlandırılıb.


    2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur. Bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.  Məqsəd planetimizdəki müxtəlif ekosistemlərin qorunması, iqlim dəyişikliyi ilə mübarizə, enerji resurslarından səmərəli istifadənin təşviqi və bir çox ekoloji kampaniyalar aparmaqla bu sahədə maariflənməkdir. “Beynəlxalq Yer Kürəsi Günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini  bu sahədə daha fəal olmağa çağırır.


    22 aprel  Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il  müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. “Beynəlxalq Yer günü” ərəfəsində ictimaiyyət nümayəndələri  yaşıllıqlara qulluq edilməsində, təmizlik, abadlıq işlərində fəal iştirak edirlər.


Ölkəmizdə  insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər  daim diqqət mərkəzindədir. Ötən ilin  noyabr ayında respublikamızda BMT-nin dün­yada ən irimiqyaslı tədbirlərindən biri hesab olunan İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi də bunun təzahürüdür. İki həftə ərzində ölkəmizin bu möhtəşəm tədbirə ev sahibliyi etməsi Yer Kürəsini qorumaq məqsədilə  böhranın  həllində  proseslərə müşahidə­çi yox, iştirakçı kimi qoşulduğumuzu dün­yaya  nümayiş etdirdi.


Forumda bildirildi ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iq­lim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağl qarşıya mü­hüm vəzifə kimi qoyub. Enerji siyasətindəki uğurlar, bərpaolunan ener­ji resurslarına sərmayələrin qoyulması və iqlim dəyişikliyi ilə mübarizə əzmi  davamlı gələcək üçün atılan addımların bariz nümunəsidir. Beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyi­şikliyi ilə mübarizədə birgə səylərin yara­dılmasına töhfə verəcəyinə də əmindir. 


Bəşəriyyətin  sabahı və gələcəyi üçün Azərbaycanın  ekoloi problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində  atdığı addımlar dünya dövlətləri tərəfindən  yüksək qiymətləndirilir. Dünyada humanist ölkə kimi tanınan Azərbaycan eyni münasibəti yaşıl dünya quruculuğunda da  nümayiş etdirir.


Bəli, qlobal problemlərin tüğyan etdiyi dünyamızda əzəli və əbədi tarazlığın qorunması vacibdir. Bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə, bütün bəşəriyyəti  məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı, məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü  və canlılar aləmini  qorumalıyıq. Bununla dünyamız daha  təhlükəsiz və gözəl olar.


 

Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi