Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.
İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır.
ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır". Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.
Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd edib.
Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləmişlər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamaq prinsipi əsasında qurulmalıdır. Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.
Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.
Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.
1996-cı il 17-18 aprel Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.
1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.
2000-ci ildə 21-24 iyun tarixi arasında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev də ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.
İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib. Azərbaycan da Çinin vahid Çin siyasətinə hörmət edir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.
2006-cı il 19 oktyabr-da Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında Çin-Azərbaycan Dostluq Cəmiyyətinin (ÇADC) təsis iclası keçirilib.
Tədbirdə ÇXR-in Azərbaycandakı keçmiş səfirləri Ley İnçen Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Çjan Qotsyan sədr müavini, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin Avropa və Asiya ölkələri İdarəsinin şöbə müdiri Sun Tsinqo baş katibi seçilmişlər. Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Çen Xaosu yeni yaradılmış qurumun ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində, mədəniyyət sahəsində qarşılıqlı mübadilənin həyata keçirilməsində vacib rol oynayacağına əmin olduğunu bildirib.
7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub.
10 avqustda Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel" də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2009 -ci il Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cjan Yannyanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin uğurla inkişaf etdiyini, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Səfir Çin Xalq Respublikasının sədri Hu Szintaonın səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. O deyib ki, Çin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfərinin qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldırdığını bildirir. Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayan diplomat dövlətimizin başçısını əmin edib ki, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da genişlənməsinə səy göstərəcək.
"Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.“ Bu fikri Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirib.
Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.
Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. Ümumilikdə, Prezident İlham Əliyevin 22 illik prezidentliyi dövründə 5 dəfə (rəsmi və qeyri-rəsmi səviyyədə) bu ölkəyə səfər etməsi strateji münasibətlərdəki dinamikanı təsdiqləyir. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir.
Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən ən fəal dövlətlərdən biridir və onun ölkəmizə və Xəzər hövzəsinə marağı təbii qarşılanır. Çünki son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və ilk növbədə, enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, strateji nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi rəsmi Pekinin xüsusi maraq dairəsindədir.
İki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin - “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb.
Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Qeyd edək ki, 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmaları həyata keçirilir.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir. Prezident İlham Əliyevin iyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı müzakirə edilən mühüm məsələlər faydalı əməkdaşlığını daha da dərinləşməsi və postpandemiya dövründə yeni iqtisadi-nəqliyyat layihələrinin gücləndirilməsini nəzərdə tutur. Çin-Azərbaycan münasibətləri həqiqi səmimi dostluq və yaxın tərəfdaşlığa əsaslanır. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi.
Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq mövcuddur. Hazırda hər iki ölkə “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin daha da genişləndirilməsi təşəbbüsünü artırırlar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Çin münasibətlərinin artan dinamik siyasi təmaslarında partiyalararası sıx münasibətlərin də mühüm yeri vardır. Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında fəal əlaqələr inkişaf edərək iki ölkə arasında siyasi təmasların və dialoqun güclənməsində, qarşılıqlı etimadı möhkəmlətməsində əhəmiyyət kəsb edir. Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir.
Lider-Media.az
« Август 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |