Azərbaycan regional məsələlərlə yanaşı qlobal proseslərə də təsir imkanlarına sahibdir
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən daxili və xarici siyasət sayəsində müstəqil Azərbaycan dünyada özünü güclü, qüdrətli, humanist ideyalara sadiq, sülhsevər, tolerant ölkə kimi təsdiq etmişdir. Dünya dövlətləri nüfuzu, iqtisadi qüdrəti durmadan artan ölkəmizlə hesablaşırlar. Bu gün beynəlxalq aləmdə Azərbaycan Prezidenti İlham Əliyev söz sahibi, müdrik siyasi xadim kimi qəbul olunur. İstər Avropa, istərsə də Şərq dövlətlərinin lideriləri onu beynəlxalq və regional tədbirlərə ali qonaq kimi dəvət edir.
Son zamanlar Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın təcəssümüdür.
Aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda müxtəlif ölkələrin nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçıları, xarici işlər nazirləri bir araya gələrək son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələləri və çağırışları müzakirə etmişlər.
Dünyada artan geosiyasi ziddiyyətlər, qlobal bərabərsizliklərin dərinləşməsi, iqlim böhranının genişmiqyaslı təsirləri get-gedə ümumi ədalət hissini sarsıdır və beynəlxalq institutlara inamı azaldır. Belə bir dövrdə çoxtərəfli nizamın sistem problemlərini müzakirə etmək, qiymətləndirmək və sürətlə dəyişən dünyada dialoqu təşviq etmək məqsədilə “Diplomatiyanın yenidən qurulması” mövzusunda Antalya Diplomatiya Forumu mühüm əhəmiyyət daşıyır və gələcəkdə bu istiqamətdə beynəlxalq çərçivədə dünya ölkələri arasında strateji əməkdaşlığın qurulmasına və inkişafına təkandır. Vurğulamaq lazımdır ki, qlobal fikir ayrılıqları şəraitində diplomatiyanın sabitləşdirici qüvvə kimi özünü təsdiq etməsi üçün Forumun keçirilməsinə böyük ehtiyac var idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hazırda dünyada mövcud problemlərin müzakirəsinin vacibliyini diqqətə çatdırdı.
Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlər zamanı beynəlxalq ictimaiyyəti ciddi narahat edən bir çox məsələlər müzakirə edilmişdir ki, bu da ikitərəfli münasibətlərin genişlənməsinə əsas yaradır.
Bu gün Azərbaycan Prezidentinə beynəlxalq aləmdə çox böyük etimad göstərilir. Çünki dünyanı narahat edən ən mürəkkəb məsələlər Azərərbaycanın paytaxtında, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tədbirlərdə öz həllini tapır. Ötən il keçirilən COP29 bu reallığın təsdiqidir.
Əminliklə deyə bilərik ki, Azərbaycan liderinin Antalyada keçirdiyi görüşlər, aparılan müzakirələr ölkəmizin nüfuzuna və siyasi gücünə yeni güc qatacaq. Çünki istənilən beynəlxalq məsələnin həllinə Azərbaycanın öz yanaşması var. Bu yanaşma həm regional, həm də qlobal səviyyədə sülhün bərqərar olmasına xidmət edir.
Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada , Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında dövlətimiz aparıcı rola malikdir. Bu da Azərbaycanın regional və qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Donald Trampın bu günlərdə Azərbaycan Prezidentinə ünvanladığı məktubda da ölkəmizin regional və beynəlxalq məsələlərdə aktiv, səmərəli rolu qeyd edilib.
Forum çərçivəsində Azərbaycan Prezidentinin Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə keçirdiyi ikitərəfli görüşlərdə həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə baş verən proseslər müzakirə edilib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq məsələlərin həllində aktiv aktora çevrilir.
Qlobal çağırış və təhdidlərlə yanaşı, hazırda dünya gündəmində olan iqlim dəyişikliyi, planetimizin mühafizəsi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt və s. Forumun əsas müzakirə mövzularından idi.
Bəli, Forumda müzakirə olunan məsələlərə nəzər salsaq görərik ki, dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edildiyi halda, Azərbaycanda əhali təhlükəsizlik, tolerantlıq şəraitində yaşayır və bütün bu faktlar ölkəmizin nüfuzunu daha da artırır.
Dünyanın bir çox ölkəsi ilə çoxtərəfli əlaqələr quran və bu əlaqələri gündən- günə möhkəmləndirən, region dövlətlərinin xalqları ilə mehriban qonşuluq şəraitində birgəyaşayışa mühüm töhfələr verən Azərbaycan regionda söz sahibidir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsasında heç bir dövlətin daxili işlərinə qarışmamaq, ölkələrin ərazi bütövlüyünü pozmamaqla qarşılıqlı hörmət əsasında dostluq, əməkdaşlıq münasibətlərinin yaradılması dayanır. Humanist, milli-mənəvi dəyərlərə sadiq, xalqının mənafeyini hər şeydən üstün tutan ölkə başçımız Vətən müharibəsindən sonra regionda yeni reallıqların müəllifidir. Bu gün regionda böyük layihələrin reallaşmasında ilk olaraq Azərbaycanın mövqeyi nəzərə alınır. Bütün bunlar isə birmənalı olaraq Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Nurəngiz Adilqızı.