TÜRK DÜNYASININ ULU ÖNDƏRƏ EHTİRAMININ NÜMUNƏSİ
1999-cu il aprelin 13-də ümummilli lider Heydər Əliyev "Beynəlxalq Atatürk Sülh Mükafatı"na layiq görülüb.
Azərbaycan və Türkiyə - bu iki dövlətin qardaşlıq tarixi dastanlara, kitablara sığmayacaq qədər zəngindir. Dədə-babalarımız türk dövlətləri qurduğu, Asiyada, Avropada yurd saldığı vaxtlardan etibarən bu qardaşlıq başlamış, tarix boyu davam etmiş və get-gedə daha da möhkəmlənmişdir. Təbii ki, bu dostluq, qardaşlıq körpülərini zaman-zaman bəzi bədxah, şər qüvvələr dağıtmağa çalışıblar. Lakin nə olursa olsun, bütün çətinliklərə, əngəllərə baxmayaraq bu iki dövlət tək millət olaraq yaşamış və bu ənənəni nəsillərdən nəsillərə ərməğan etmişdir. Azərbaycan-Türkiyə qardaşlığı bütün dövrlərdə olduğu kimi XXI əsrdə də davam edir.
"Mənə böyük Atatürkün adını daşıyan "Beynəlxalq Sülh Mükafatı" təqdim olunubdur. Bu, mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq qalacağam". Bu fikirləri ümummilli lider Heydər Əliyev 1999-cu il aprelin 13-də "Beynəlxalq Atatürk Mükafatı"nın təqdimolunma mərasimində bildirmişdir.
Ulu öndər Heydər Əliyev türk dünyasının birliyinə etnik köklərə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla perspektivlərinə xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminə “Beynəlxalq Atatürk Mükafatı”nın verilməsi də məhz bu keyfiyyətlərinin türk dünyası tərəfindən yüksək dəyərləndirilməsinin göstəricisidir.
2001-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyevin sərəncamı ilə Atatürkün irsini öyrənmək və təbliğ etmək üçün Atatürk Mərkəzi yaradılmışdır. Mərkəzin açılışında çıxış edən ümummilli lider demişdir: "Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır... Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və Prezident kimi mənim fəaliyyətimdə çox böyük yer tutur".
Ulu öndərin nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərinin, eyni zamanda, bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin, çağırışların mahiyyətində bir məqsəd dayanırdı: böyük bir ailəni xatırladan türk dünyasının birliyini təmin etmək.
Heydər Əliyevi əvəzsiz və əbədiyaşar liderə çevirən amillər bu böyük coğrafi məkanın bugünkü reallıqlarından daha aydın görünür. Müdhiş dühaya sahib olan bu fenomen insan tarixin müxtəlif mərhələlərində bir-birindən ayrı düşmüş türk dünyasını birləşdirmək üçün ciddi səylər göstərirdi. Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfələr verdi. Ulu öndər uzaqgörənliklə dünya xəritəsində yer alan türk dövlətlərinin gələcək taleyini əvvəlcədən görürdü. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan və digər türk dövlətləri müstəqillik qazandılar. Bununla da Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı xəyalları gerçəkliyə çevrildi. Bir daha sübut olundu ki, türk xalqları daim əsarətdə qalmayacaq, öz müstəqilliklərinə, azadlıqlarına nail olacaqlar.
Ümummilli lider Heydər Əliyev dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər vermiş, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab etmiş, söyləmişdir ki, Atatürk yalnız proqressiv ideyaları irəli sürməklə kifayətlənməmiş, bu ideyaları həyata keçirmiş, qurduğu dövləti möhkəmləndirmək üçün tarixi stimullar müəyyənləşdirmiş, zəngin ideya qaynaqları aşkara çıxarmışdır. Ulu öndər qeyd edirdi ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün yalnız fəaliyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı sayəsində yaranmışdır.
Heydər Əliyev türk dünyasının problemlərini, onları yaxınlaşdırmaq yollarını yaxşı bilirdi. Ona görə də hesab edirdi ki, türk xalqlarının birləşməsi zəruridir və müstəqil türk dövlətləri başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynamalıdır.
Dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın türk dünyasının həmrəyliyinə xidmət edən addımlarının miqyası və əhəmiyyəti ölçüyəgəlməzdir. Ulu öndərin türk dünyasının birliyində rolu, misilsiz xidmətləri onun xatirəsinin böyük ehtiramla anılmasında, adını daşıyan küçələrin, parkların açılmasında, abidələrinin ucaldılmasında özünü aydın təcəssüm etdirir, türk dövlətləri arasında əlaqələrin inkişafında əməyinin böyüklüyünü bir daha təsdiqləyir.
Qürurverici haldır ki, bu gün Azərbaycanın qardaş türk dövlətləri ilə əməkdaşlığının zənginləşməsində, yüksələn xətt üzrə inkişafında ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin bu dövlətlərin başçıları ilə möhkəm dostluğu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri də güclü təsir göstərir. Azərbaycan Prezidentinin türk dünyasının birliyi, həmrəyliyi, əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti digər türk dövlətləri tərəfindən də təqdir edilmiş və bunun ifadəsi olaraq İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ümumilikdə türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi 2021-ci ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsində öz əksini tapdı. Bu qardaşlığın rəsmiləşməsi, Azərbaycan və Türkiyənin bundan sonra da birgə addımlayacağına edilən çağırışlar türk birliyinin daha da möhkəmlənməsində özünü göstərir. Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti Azərbaycanın bütün türk dövlətləri ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynamışdır.
Bəli, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı inamla daha böyük zəfərlərə doğru aparır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapır və bütün sahələrdə öz töhfəsini verir.
Nurəngiz Adilqızı.