lider-media.az

DÜŞMƏNƏ GÖZ DAĞI, ZƏFƏR SİMVOLUMUZ

Tarix: 12-04-2025, 10:52

      Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin simvolu olan Hərbi Qənimətlər Parkını bu  günlərdə Şanlı Zəfərə aparan yolun başlanğıcı olan Aprel döyüşlərinin qeyd olunması ilə əlaqədar ziyarət edənlərin sayı artıb. Parka olan böyük maraq onu göstərir ki, xalqımız Aprel döyüşlərindən başlamış, 44 günlük İkinci Qarabağ müharibəsi və Müzəffər Ordumuzun 2023-cü il 19-20 sentyabr tarixində keçirdiyi lokal xarakterli antiterror tədbirləriylə torpaqlarımızın tam bütövlüyü, suverenliyi ilə nəticələnən  qələbənin memarlarını həmişə qəlbində yaşadacaq.

      Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun gücünün, qüdrətinin, yüksək döyüş ruhunun nəticəsində təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad edildi. Bu möhtəşəm Qələbə bütün dünyaya xalqımızın torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizə əzmini, milli birliyini nümayiş etdirdi.

     Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi  Qənimətlər Parkının ilk ziyarət bileti, məhz dövlətimizin başçısına təqdim olundu. Bu park Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 19 il ərzində həyata keçirilən hərbi strategiya və taktikanın əyani sübutudur. Həmin tarixi gün yaddaşlara əbədi həkk olundu.  

      2003-cü ildən indiyədək yürütdüyü siyasətin əsas istiqamətlərini Qarabağ zəfərinə kökləyən, o günün yaxınlaşması üçün daxili və xarici siyasətinin konturlarını düşünülmüş, məqsədyönlü şəkildə quran müzəffər Ali Baş Komandan hər zaman bildirirdi  ki, vaxt gələcək Qarabağ işğaldan azad olunacaq və bu istiqamətdə qalib xalq kimi zəfərimizi təmsil edən, təcəssüm etdirən addımlar atacağıq. Hər addımını incə detalına kimi müəyyənləşdirən, uzaqgörən siyasətçi olan ölkə başçısı hələ müharibənin gedişində bildirirdi ki, düşməndən qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planları da mövcuddur. Bu baxımdan da qürurla deyirik ki, tarixə adını qızıl hərflərlə yazan Ali Baş Komandanımız xalqına verdiyi sözə həmişəki kimi, yenə də sadiq qaldı. Məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə məhdud zaman çərçivəsində görülən işlərin nəticəsi olaraq açıq səma altında muzey – Hərbi Qənimətlər Parkı salındı.

     Ermənilər vaxtilə Azərbaycan xalqının hissləri ilə oynayaraq, Birinci Qarabağ müharibəsindən sonra ələ keçirdikləri  şəxsi maşınların nömrələrini  işğal edilmiş torpaqlarda nümayiş etdirir və bununla da azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin saldıqlarını “sübut etmək” istəyirdilər. Ermənilərin uzun illər ərzində bu lövhəni xarici turistlərə nümayiş etdirərək orduları haqqında yaratdıqları mifi Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yerlə bir etdi. Azərbaycanlılar, əli silahsız əhali, öz şəxsi maşınlarını qoyub çıxmışdılarsa, ermənilər Azərbaycanın Ali Baş Komandanının qətiyyəti, prinsipiallığı, qəhrəman əsgər və zabitlərimizin döyüş əzmi qarşısında tab gətirə bilməyərək postları, ağır texnikalarını, raket komplekslərini, hərbi nəqliyyat vasitələrini, silah və sursatlarını qoyub qaçır, fərarilik edirdilər. Həmin o sursatların hamısı bu gün bu parkda Azərbaycan xalqına və bütün dünyaya nümayiş olunur. Bu, düşmənə ən layiqli cavabdır. Həqiqətən də Azərbaycan ordusu çox böyük uğura imza atıb. Erməni ordusuna məxsus çox sayda hərbi texnika, tank,  ağır silahlar qənimət kimi ələ keçirilib.

        Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib. Belə ki, döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Bu gün həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər M” reketinin qalıqları da var.

     Vurğulamaq lazımdır ki, 44 gün davam edən Vətən müharibəsində döyüş, eyni zamanda informasiya cəbhəsində də davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

     Vətənimiz Azərbaycan üçün siyasi anlamda çox uğurlu hadisə olan Silahlı Qüvvələrimiz tərəfindən  2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror-tədbirləri zamanı düşmənin belini qıraraq  qənimət götürdükləri  “T-72” tankı və BMP (piyadaların döyüş maşını) da  Hərbi Qənimətlər Parkına gətirilib.

     Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır. Çünki burada 44 günlük müharibənin demək olar ki, bütün ssenariləri əks olunur.  Ali Baş Komandan, Prezident  cənab İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan  Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək.  Görəcək ki, bu qələbələri əldə etmək nə qədər çətin idi.  Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı.  Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

      Parkın fəaliyyətə başladığı gündən artıq dörd il ötür. Lakin buna baxmayaraq, hələ də istər respublikamızın sakinləri, istərsə də ölkəmizə təşrif buyuran qonaqlar buranı bir dəfə seyr etmiş olsalar belə təkrar  gəlməkdən məmnunluq duyduqlarını bildirirlər. Parkı ziyarət edənlər böyük qürur hissi keçirməklə yanaşı, burada mənəvi rahatlıq tapdıqlarını bildirir, Hərbi Qənimətlər Parkının ərsəyə gəlməsi üçün canından-qanından keçən şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə şəfa, dövlət başçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə  sonsuz təşəkkürlərini ifadə edir.

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi