lider-media.az

2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri

Baxış: 61 Tarix: 11-04-2025, 09:38

Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.

Bununla bağlı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlının “2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri və zəfərimiz” sərlövhəli məqaləsini təqdim edir.

Nə üçün növbədənkənar prezident seçkiləri?

Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.

Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

Seçkilərin gedişi və nəticələri

Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürüldü.

125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırıldı.

Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər .

Namizədlərin təbliğat və təşviqat kampaniyası aparmalarına bərabər imkanlar yaradıldı. Radio və televiziyada ödənişsiz təbliğat aparılırdı. Seçicilərlə açıq və qapalı görüş yerləri müəyyənləşdirildi.

Nəhayət, 11 apreldə seçkilər keçirildi. Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12 faiz, Sərdar Məmmədova 3,03 faiz, Qüdrət Həsənquliyevə 3,02 faiz, Hafiz Hacıyevə 1,52 faiz, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17 faiz, Razi Nurullayevə isə 0,74 faiz səs verildi.

Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi.

Seçkilər ədalətli və şəffaf şəkildə keçirildi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilənş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü.

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev
hədəfləri müəyyənləşdirir: “...biz öz torpaqlarımızı azad edəcəyik.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirdilər. Andiçmə mərasimi açıq elan olundu. Mərasim iştirakçıları Prezidenti hərarətlə qarşıladılar. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər. İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edildi. O, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının dövlət bayrağını öpdü və geniş nitq söylədi. İlk növbədə, seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirdi. Son illər ərzində Azərbaycanın keçdiyi yola nəzər yetirən ölkə rəhbəri dedi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Ötən illər ərzində Azərbaycan xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşamışdı. Ölkədə daxili risklərin hamısı aradan qaldırılıb. Dövlət xarici risklərdən özünü qoruya bilmişdi. Təminatçısı Azərbaycan xalqının olduğu təbii sabitlik inkişafın əsas şərti olmuşdu. Xalq vahid milli ideya ətrafında birləşərək uğurla inkişaf edirdi. Azərbaycanda dinlərarası münasibətlər nümunəvi xarakter daşıyırdı.

Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlara imza atdığını və dünyada mövqelərinin möhkəmləndiyini söyləyən dövlət başçısı 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini vurğuladı. Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident dedi: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son  illər ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik”. Dövlət başçısı qətiyyətlə bildirdi: “Biz... istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi