lider-media.az

Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Baxış: 265 Tarix: 4-04-2025, 11:39

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi