lider-media.az

Aprel döyüşləri Ordumuzun qüdrətini, əsgər və zabitlərimizin vətənpərvərliyini dünyaya nümayiş etdirdi

Baxış: 73 Tarix: 1-04-2025, 10:14

Yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan 2016-cı ilin Aprel döyüşlərindən 9 il ötür. Bu, Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edərər düşmən üzərində böyük qələbəni yaxınlaşdırdı. Bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

 "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, - deyən Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirirdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir.

 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.

Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya göstərdi.

Əldə olunan qələbədən sonra Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması təmin edildi. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

 Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Bu kəndin əhalisinin 23 illik fasilədən sonra o zaman doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı.

Prezident İlham Əliyev Lələtəpədə hərbçilərlə görüşundə demişdir: “Ordumuzun döyüş qabiliyyəti ilə bərabər vətənpərvərlik ruhu da yüksəkdir. Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara- “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görüldülər.

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.             

9 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.

2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu on yeddi il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı. Dövlət başçımızın rəhbərliyi, qətiyyəti, sərkərdəlik məharəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur və iftixar hissi doğurdu. Tarixi Qələbə barədə Prezident İlham Əliyev demişdir: “ Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.

 Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan tarixinin ən parlaq uğurudur. Eyni zamanda bu, bütün türk dünyasının zəfəridir. Bu Zəfərlə tarixi Azərbaycan torpaqları üzərində salınacaq Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpüyə çevriləcək. Tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi və ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan Liderdir. Cənab İlham Əliyev dövlətimizin tarixinə möhtəşəm Zəfər salnaməsini həkk edən görkəmli dövlət xadimi, müdrik siyasətçidir. Bu Zəfər salnaməsi isə əbədiyyətə qədər tariximizi şərəfləndirəcəkdir.

Uzun illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək. Bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi