lider-media.az

Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin doğum günüdür

Baxış: 202 Tarix: 28-03-2025, 09:59

Azər Nazim oğlu Yusifli 1994-cü il  martın 28-də Ağstafa  rayonunun  Böyük  Kəsik  kəndində anadan olub.  2000-ci ildə  Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş, 2011-ci ildə bitirmişdir. Azər 2012-ci ilin aprel ayında  müddətli həqiqi hərbi xidmətə çağırılır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər  Dövlət Sərhəd Xidmətinin (DSX)   Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edir və işə qəbul olunur.

Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə Azəri Mərdəkanda yerləşən sərhəd xidmətinə məxsus xüsusi təyinatlı dəstəyə göndərirlər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər üstünlüklər qazana bilir. 2013-cü ildən isə Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur.

Azər müxtəlif illərdə Dövlət Sərhəd Xidməti rəisinin əmrlərinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı  və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunur.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Xidmətinə məxsus, xüsusi təlim keçmiş xüsusi təyinatlı kəşfiyyat dəstəsi torpaqların azad olunması üçün ön sırada xidmətə yollanır. Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Müharibənin ilk həftəsində Azər yaralanır və hospitalda müalicə almalı olur. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüş meydanına  qayıdır. Bu sadəcə hünər işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır.

Dövlət  Sərhəd  Xidmətinin  Çevik  Hərəkat  Dəstəsinin  (ÇHD) baş giziri olan Azər  Yusifli əvvəlcə  Cəbrayıl  rayonu  istiqamətində gedən döyüşlərə qatılır. Azər  müharibə ərzində  Sərhəd Xidmətinin  heyətində  Cəbrayıl rayonunun  Araz  boyu olan  yaşayış məntəqələri-Mahmudli, Soltanlı, Əmirvarlı, Göyərçin, Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 18-də isə  Dövlət Sərhəd Xidmətinin  apardığı hərbi əməliyyat zamanı  Xudafərin Körpüsü   işğaldan azad olunur.

Cəbrayıl rayonunun  geniş bir hissəsinin işğaldan azad olunmasından sonra  Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçuları  Zəngilanın  azadlığı  uğrunda gedən döyüşlərdə  iştirak edir. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində  Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə  Zəngilan  şəhəri uğrunda döyüşlər başlayır. Gecə saatlarında şəhər işğalçılardan təmizlənir. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə üçrəngli bayrağımızı məhz Azər sancıb.  

Azərin son döyüşü oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində olur. Ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürlər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42 nəfərini isə məhv edir. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır. Məsafə uzaq olduğuna görə, tibb məntəqəsinə təxliyə olunana qədər qan itirmədən şəhid olur. Oktyabrın 22-də Ağstafa rayonunun  Böyük Kəsik  kəndində dəfn edilir. Azər nişanlı idi. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azər Nazim oğlu Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Digər Sərəncamlarla "Vətən uğrunda"  və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmisdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Azər Nazim oğlu Yusiflinin adı verilmişdir. 

Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışırlar. Döyüş yoldaşı Xəyal Namazov : “ Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə ifadə edə bilmərəm. Hər dəfə döyüşlərdə erməniləri öldürdükcə “Bu da Xocalının heyfidir!” deyirdi...”Döyüş yoldaşı Vüqar Zamanov: “Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr uzaqlıqdakı tibbi xidmət məntəqəyə çatdırdı. Onun qəhrəmanlığı sayəsində mən bu gün həyatdayam ”.

Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı. Azərin və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəsilə insanlara ötrülən bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq. Mərdlik və fədakarlıq nümunəsi... 

 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi