Şəhidlərimizin doğum günüdür
Vətən Müharibəsi şəhidi Məmmədov İlkin Fərhad oğlu - 2002-ci il martın 27-də Biləsuvar rayonunda anadan olub.İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid İlkin Məmmədov noyabrın 6-da Biləsuvar şəhər məzarıstanlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə İlkin Fərhad oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Hüseynov Səbuhi Məhbub oğlu 27 mart 2002-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı məktəbdə orta təhsilini aldıqdan sonra Türkiyədə yerləşən Bilecik Şeyh Edebali Universitesinə qəbul olur. 2- ci kursdan təhsilini dondurur və hərbi xidmətə yollanır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hüseynov Səbuhi Məhbub oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynov Səbuhi Məhbub oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Şəhid Hüseynov Səbuhi Məhbub oğlu Şamaxı rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
16 oktyabr 2020-ci ildə şəhid Gülşad Xəlilovun nəşi kənd məzarlığında izdihamla dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Kürdəbaz kəndində anadan olan Vətən müharibəsinin şəhid əsgəri Gülşad Elşad oğlu Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.