Prezident İlham Əliyev:Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər.
"Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək."-.Bu fikirləri Prezident İlham Əliyev marın 27-də Adamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşüşü zamanı deyib.