lider-media.az

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Baxış: 51 Tarix: 16-03-2025, 17:28

 Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.

 "Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə bir neçə il öncə keçirdiyi görüşdə bildirib: "Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk". Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.

 

Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub və ölkəmiz bu əməkdaşlığa böyük önəm verir. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” qarşılıqlı münasibətlərin yeni mərhələsini təşkil edib. 2002-ci ildə Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Məhz bu sənədlə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.

İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Vurğulanmalıdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. 

22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar. Bu Azərbaycan və Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi demək idi. 13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində qeyd etmişdir ki, Azərbaycan və Rusiyanın münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb. Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi