Şəhidlik zirvəsinə ucalacağam...
30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan şəhidlərdən biri də Naiq Ələkbərovdur. Naiq Faiq oğlu Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.
2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Naiq 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib. Daha sonra 2015-ci ildə XTQ kurslarından uğurla keçən Naiq, 2016-ci il aprel döyüşlərində də iştrak edib, göstərdiyi şücaətə görə "Vətənə xidmətə görə " ordeni ilə təltif olunub.
2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Naiq oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında dəfn olunub. İki qızı, bir oğlu yadigar qalıb. Şəhidin həyat yoldaşı Əfsanə Ələkbərova :"Naiq tez-tez “Votsap” statuslarında Polad Həşimovun “biz dünyadan köçər olduq, qalanlara salam olsun” videosunu paylaşırdı. Yoldaşımdan “sən tez-tez bu videonu niyə paylaşırsan” deyə soruşurdum. “Vaxt gələcək, məni anlayacaqsan” deyirdi. Hiss etmişdim ki, o, şəhid olacaq”.
II Qarabağ savaşında həm yoldaşını, həm də qardaşını itirən Əfsanə Ələkbərova hər iki şəhidilə qürurlanır: “Fəxr edirəm ki, iki şəhidim var. Bu ucalıq hər insana nəsib olmur. Tək qardaşım və həyat yoldaşımın xatirələri ilə yaşayıram. Hər ikisi Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Onların qəlbində qorxu deyilən bir şey yox idi. Ürəkləri yalnız vətən üçün döyünürdü. Qardaşımın övladları yoxdur. Allah nəsib etmədi. Övladlarıma onların müharibədəki qəhrəmanlıqlarından danışıram. Naiq çox mehriban, qayğıkeş və vətənsevər biri idi. Övladlarına da hər zaman vətənin qorunmasından danışırdı. Aprel döyüşlərinə gedəndə xəbərim yox idi. Sonradan eşitdim ki, yoldaşım oradadır və çox qürurlandım. Ayağından yaralandığını heç kimə deməmişdi. Övladlarına atasızlıqlarını hiss etdirməməyə çalışıram. Yoldaşım hər zaman mənə “başını dik tut” deyirdi. Getdikcə dərk edirəm ki, Naiq ölməyib, hər zaman yaşayır və yanımızdadır. Bilirəm ki, onun övladları da onunla qürur duyacaq. Əlbəttə ki, onsuz yaşamaq çox çətindir. Uşaqlara atasızlıqlarını hiss etdirməməyə çalışıram. Amma “atam harda qaldı” deyə hər gün suallara cavab verməkdə çətinlik çəkirəm. “Atanız yaxşı yerdədir, cənnətdədir və bizi görür”deyə cavab verirəm. Yoldaşımla qardaşımın hər yerdə xatirələri var. Ölümündən əvvəl məndən halallıq istədi, övladlarını əmanət etdi. Noyabrın 6-sı oğlumun doğum günü idi. Ayın 1-i yoldaşım zəng etdi və oğlumla danışanda “qismət olsa, ata gələcək” deyə vəd verdi. Sonra məndən hallallıq istədi. Dedi, hiss edirəm ki, şəhidlik zirvəsinə ucalacağam. Uşaqlara “mən baxdığım kimi bax, onlara təhsil ver və hər zaman atalarından danış” dedi. Allah nəsib etsə, Naiqin dediklərini edəcəyəm. Bilirəm ki, ruhu hər zaman bizlədir. Çox şükürlər olsun ki, yoldaşımın əmanətləri var”.
Şəhidin atası Faiq Ələkbərov Şamaxı rayon Faiq Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində müəllim işləyir. O, da oğlu kimi I Qarabağ savaşında qəhrəmancasına iştirak edib: “O dövr üçün o qədər də nizamlı ordumuz yox idi. Amma vətən uğrunda son damla qanımıza qədər döyüşürdük. Oğlumu milli vətənpərvər ruhda böyütmüşdüm. Müharibəyə də göndərəndə öz tövsiyələrimi verdim. Dedim bayrağımızı, xalqımızı hər yerdə uca tut. Şükür arzum ürəyimdə qalmadı və oğlum vətənin şərəfli yolunda başımızı uca etdi”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Naiq Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.