lider-media.az

Məşhur Məmmədov: "Azərbaycan-Şimali Makedoniya münasibətlərində yeni mərhələ başlayır"

Baxış: 197 Tarix: 13-03-2025, 10:39

 Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Prezident İlham Əliyevin Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşü iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçid aldığını deməyə imkan verir. Ölkə rəhbərlərinin görüşündən sonra belə qənaətə gəlmək olur ki, Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji əməkdaşlığının genişlənməsi, siyasi dialoqun intensivləşməsi və humanitar sahədə əlaqələrin inkişafı tərəflər üçün yeni perspektivlər açır. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və ticari əlaqələrin genişləndirilməsi üçün konkret addımlar atılmalıdır.

 Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlərin əsasının 1995-ci ildə qoyulduğunu diqqətə çatdıran deputat son illərdə ölkələrimiz arasında siyasi dialoqun daha da intensivləşdiyini qeyd edib. Dövlətimizin başçısının mətbuata birgə açıqlamasında da vurğuladığı kimi ölkə rəhbərlərinin qısa müddət ərzində ikinci görüşü tərəflər arasında əlaqələrin dinamik inkişafını təsdiqləyir. Azərbaycan və Şimali Makedoniya prezidentləri bundan əvvəl ölkəmizdə keçirilən COP29 tədbirində bir araya gəlmişdilər.  

“İki ölkənin siyasi qurumları arasındakı əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin artması, parlamentlərarası əməkdaşlığın inkişafı bu dialoqun dərinləşməsinə xidmət edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Şimali Makedoniya işçi qrupunun fəaliyyət göstərməsi və Şimali Makedoniya parlamentində müvafiq dostluq qrupunun mövcudluğu bu əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəkləndiyini göstərir”, - deyə M.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan qlobal enerji bazarında strateji mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edir və bu ölkələrin 10-u Avropada yerləşir. Şimali Makedoniya Azərbaycanın qaz ixrac xəritəsində yeni tərəfdaşlardan biridir. 2023-cü ilin sonlarında Azərbaycan qazı bu ölkənin bazarına çatdırılıb və 2024-cü ildən etibarən müntəzəm təchizat nəzərdə tutulur.

Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın Avropanın enerji təchizatında mühüm oyunçuya çevrildiyini göstərir. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi üzərində çalışır ki, bu da gələcək illərdə qaz ixracının həcminin artırılmasına imkan yaradacaq. Şimali Makedoniyanın enerji resurslarına tələbatını nəzərə alaraq, tərəflər bu sahədə əməkdaşlığı daha da genişləndirə bilərlər.

 “Azərbaycan və Şimali Makedoniya arasında siyasi münasibətlərin intensivləşməsinə baxmayaraq, iqtisadi əməkdaşlıq hələ arzulanan səviyyədə deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, ticari-iqtisadi sahədə böyük nəticələr əldə edilməyib. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı şirkət qeydiyyatdadır və onların yalnız 3-ü aktiv fəaliyyət göstərir.

Buna baxmayaraq, sərmayə qoyuluşu və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusilə, energetika, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində əməkdaşlıq perspektivlidir. Şimali Makedoniya Azərbaycanın tranzit imkanlarından istifadə edərək öz məhsullarını Şərq bazarlarına çıxara bilər, eyni zamanda Azərbaycan bu ölkədəki investisiya imkanlarını araşdıra bilər”, - deyə deputat diqqətə çatdırıb.

Məşhur Məmmədov bildirib ki, Azərbaycan həmçinin özünün uğurlu nəqliyyat-logistika layihələri vasitəsilə Şimali Makedoniyanın Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinə dəstək verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi bu baxımdan yeni əməkdaşlıq formatları üçün geniş imkanlar açır.

“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar aspekti də mühüm əhəmiyyət kəsb edir. Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunda iştirak edəcək. İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, tələbə mübadilə proqramlarının həyata keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına və münasibətlərin dərinləşməsinə səbəb olacaq”, - deyə Məşhur Məmmədov fikirlərini yekunlaşdırıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi