lider-media.az

Anar Məmmədov: Tarixboyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar

Baxış: 75 Tarix: 8-03-2025, 13:01


Tarixboyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Bu fikirlləri Lider-media.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib. 
“XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb”, - deyən deputatın sözlərinə görə, Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. ABŞ-da qadınlar 1934-cü, Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə edə bilib. Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə yüksək inkişaf etdiyini göstərir.
"Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib”, - deyə A.Məmmədov bildirib.

Deputat qadınların hüquq bərabərliyinin, cəmiyyətdəki aparıcı rolunun 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdığını deyib. Vurğulayıb ki, məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə bu qurumun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) fəaliyyət göstərməyə başladı.
Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, qadın siyasəti sahəsində də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu.
“Bu gün qadınlarımız təkcə xeyirxah layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görürlər.
Hazırda Azərbaycan qadınları dövlət qurumlarında, elm, təhsil, səhiyyə sahəsində, seçkili orqanlarda fəal şəkildə təmsil olunurlar. VII çağırış parlamentdə əvvəlki dövrlərdən daha çox qadın deputat təmsil olunur. Milli Məclisin sədrinin qadın olması da Azərbaycan xanımlarının ictimai-siyasi fəallığından xəbər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, qadınlarımız doğma torpaqlarımızın işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.
Prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür”, - deyə Anar Məmmədov fikirlərini tamamlayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi