lider-media.az

DİQQƏT VƏ QAYĞI İDMANÇILARIMIZI NÖVBƏTİ QƏLƏBƏLƏRƏ SƏSLƏYİR

Baxış: 69 Tarix: 5-03-2025, 11:31

      Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərində əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi  statusunu daha da möhkəmləndirir.

      Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu günün qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

     Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak etməyə başladı. Məhz həmin dövrdə Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artdı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil  oldu.

     Xüsusilə, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında Azərbaycan təmsilçilərinin 199 ölkə arasında 34-cü yeri tutması və ondan sonrakı beynəlxalq idman tədbirlərində yüksək nəticələrin əldə olunması bunun bariz nümunələridir. Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmanı tarixində ən yüksək nəticəyə imza atdı. 30-cu yerdə qərarlaşan Azərbaycan komandası 60-a yaxın  müsəlman ökəsı arasında üçüncü olmaqla ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında idmançılarımızın uğurlarını çox böyük nailiyyət kimi dəyərləndirdi: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

     Dövlət başçısı idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu vurğulayaraq idmanın və idman qələbələrinin ictimai məkanda, həmçinin  hərbi və fiziki hazırlıq baxımından mühüm  roluna diqqət çəkmişdir. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün idman amiliinin çox böyük məna daşıdığını qeyd etmişdir: “…bu Yay Olimpiya Oyunlarında Azərbaycan qalib ölkə kimi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır… Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci”.

       Prezident İlham Əliyev çıxışında xüsusilə son illər  ərzində Azərbaycan idmanın inkişafı ilə bağlı görülən işlərə də nəzər salaraq bu sahənin bundan sonra da dövlətin prioritet olacağını bəyan etmişdir.  Bildirmişdi ki, artıq bütün lazımi qərarlar verilib, ölkənin hər yerində müasir standarlara uyğun  müvafiq strukturlar yardılıb. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar yüksək təşkilatçılıq nümayiş etdirərək Azərbaycan idmanının vahid strategiya əsasında inkişafına nail olmuşlar. Hazırda ölkədə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bundan sonra da bu istiqamətdə, xüsusilə Qarabağ bölgəsində işlər davam etdiriləcək: “Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdur”.

     Azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri çərçivəsində müasir idman infrastrukturu da yaradılır. Cənab İlham Əliyevin dediyi kimi, bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Burada qısa müddət ərzində böyük işlər görülüb. Ağdamda İmarət stadionu inşa edilib, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Ötən əsrin 50-ci illərindən qalma Xankəndi stadionu yenidən qurulub.

     Azərbaycan növbəti böyük idman yarışına – 7 minədək idmançının iştirak edəcəyi üçüncü  MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri mərkəz olmaqla bu oyunlar ölkənin 14 şəhərində təşkil olunacaq.

     Əldə olunan uğurlar eyni zamanda Azərbaycanda ölkə rəhbərliyi tərəfindən   idmançılara göstərilən və hətta demək olar ki , dünyanın heç bir ölkəsində olmayan yüksək diqqət və qayğı ilə şərtlənir. Dövlətimizin başçısı və MOK-nin Prezidenti cənab İlham Əliyevin bu məsələdə mövqeyi birmənalıdır və Azərbaycan gəncini yeni zirvələr fəth etməyə ruhlandıran stimul yaradır: ”İdmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir”.

Beləliklə, xalqın sarsılmaz inamına arxalanan və qüdrətli ordumuzun gücünə güvənən  Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəliyi ilə Vətən müharibəsində əldə etdiyimiz  Zəfərə idman qələbələrini də əlavə etməklə  Azərbaycan gənci ölkəmizinin beynəlxalq nüfuzunun daha da artmasına, bütövlükdə ölkənin inkişafına əvəzsiz töhfə verir.

     Ümumiyyətlə, dünya Azərbaycanı bir neçə məsələyə görə daha yaxından tanıyır. Məsələn, beynəlxalq səviyyədə Azərbaycan deyəndə torpaqlarını döyüş yolu ilə işğaldan azad edən, enerji təhlükəsizliyi məsələlərində fəal rolu olan, qlobal problemlərin həllində yaxından iştirak edən, Cənubi Qafqazda lider mövqelərə malik dövlət yada düşür. Bunlarla yanaşı, Azərbaycan dünyada həm də Olimpiya Hərəkatının vüsət aldığı idman ölkəsi kimi də tanınır.

     Əminliklə deyə bilərik ki, bütün idman sahələrində qazanılan uğurlar dövlət başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Ölkəmizin hər yerində inşa edilən Olimpiya kompleksləri, idman sarayları, idman qurğuları bu istiqamətdə atılan vacib addımlardandır. Bütün bunlar idmançılarımıza mənəvi güc verir, onları növbəti qələbələrə səsləyir. Ona görə də inanırıq ki, idmançılarımızın bundan sonra da imza atacaqları yeni qələbələr  Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da yüksəldəcək.

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi