Cənubi Qafqazda uzun müddətdən bəri gedən oyunlarda istər-istəməz Azərbaycan şairi Abbas Səhhətin "Ayı və şir" təmsili yada düşür:
Əlbir olub bir ayı bir şir ilə
Ovladılar dovşanı tədbir ilə...
Siyasət oyundur, onun öz qanunları və bacarıqlı oyunçuları var. Ən bacarıqlı siyasətçi odur ki, bu oyunların oyuncağına çevrilməsin. Söhbət dövlət rəhbərlərindən, liderlərdən gedirsə, onda ölkənin taleyi məsələsi ön plana keçir. Bəzən ölkələr, torpaqlar uğrunda mübarizələr zəncirvari xarakter alır, maraqlar ya üst-üstə düşür, ya da kəsişir. Bax əsl həngamə onda qopur. Yəni yuxarıda nümunə gətirdiyimiz misralarda deyildiyi kimi, əlbir olub ovladıqları qurbanı bölməyə razı olmayan ayı ilə şirin əhvalatı elə siyasətdə də baş verir. Çox güman şair Abbas Səhhət öz dövrünün siyasi hadisələrini elə təmsil formasında təqdim etməyə çalışıb. Yazıya poeziya nümunəsi ilə başlamağımız qoy heç kəsə qəribə, təəccüblü görünməsin, axı bu gün Cənubi Qafqaz ətrafında gedən oyunlar "peşəkar ovçuların" ov etməsinə bənzəyir...
Vətən müharibəsindən sonra yeni reallıqlar yarandı. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması günün əsas müzakirə mövzusuna çevrildi. Bu mənada Brüssel görüşləri sülh gündəliyinin təşəkkülü, müəyyənləşməsi və perspektiv vəd etməsi baxımından daha yaddaqalan oldu. 2021-ci il dekabrın 14-də keçirilən ilk üçtərəfli görüşdə Azərbaycan Prezidenti və Aİ Şurasının prezidenti tərəfindən Brüssel sülh gündəliyi formalaşdırıldı.
Hələ o zaman bəzi siyasi şərhçilər Brüssel görüşünü bölgədə aktivləşmək istəyən Qərb üçün ən yaxşı başlanğıc hesab edirdi. Görüşdən sonra Aİ Şurasının prezidenti Ş.Mişel mətbuata bəyanatında qeyd etmişdi ki, hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə birgə işləməyə hazır olduğuna əmin edib. O, həmçinin 2020-ci il 10 noyabr bəyanatından, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etmişdi ki, bu da Azərbaycanın mövqeyilə üst-üstə düşürdü. Rəsmi Bakı Soçi görüşünə də bu niyyətlə qatılmışdı. Bəyanatdan aydın olurdu ki, Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan ölkələri arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması üçün əlverişli mühitin yaradılması istiqamətində ciddi addımlar atılması barədə razılığa gəliblər. Həmçinin Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilmiş, görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məsələsi də gündəliyə gətirilmiş, Avropa İttifaqının bu istiqamətdə ölkəmizə texniki yardım göstərməyə hazır olduğu da bildirilmişdi.
Bir sözlə, ilk Brüssel görüşündən Paşinyan kor-peşman qayıtmışdı, o, bu görüşdə ən azından zaman qazana biləcəyinə ümid edirdi, amma Azərbaycanın təşəbbüsləri, postmünaqişə dövründə fəaliyyət istiqamətləri Avropa İttifaqı tərəfindən də dəstəkləndi, Ermənistana manevr imkanları verilmədi.
2022-ci il aprelin 6-da keçirilən ikinci görüşdə 14 dekabrın təsbiti, ötən müddətin analizi və bundan sonrakı yol xəritəsi cızıldı. Şarl Mişel bəyanatında qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlayır, hər iki ölkənin xarici işlər nazirliklərinə uyğun təlimatlar verilib. Bu, məhz Azərbaycanın irəli sürdüyü məlum 5 təklifin qəbulunu və danışıqların onun əsasında aparılmasını ifadə edirdi. İlk görüşdə olduğu kimi, bu görüşdə də aydın şəkildə görünürdü ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Bir sözlə, Şarl Mişel Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, hətta dövlət başçımızla yaxın təmasları regionda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görürdü. Hadisələrin gedişi də bunu təsdiqləyirdi, çünki 14 dekabrdan sonra Şarl Mişellə dövlət başçısı İlham Əliyev arasında təmaslar intensivləşdi, davamlı telefon danışıqları oldu və bundan sonra üçüncü, dördüncü və nəhayət, beşinci görüş baş tutdu. İlk baxışda adama elə gəlirdi ki, hər şey qaydasında gedir, lakin... Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən dördüncü görüşdən sonra hadisələr başqa yöndə cərəyan etməyə başladı. Ermənistanın Rusiyadan uzaqlaşdıqca Qərbə meyillənməsi bir çoxlarının Cənubi Qafqaza olan iştahını böyütdü, regiona nüfuz etmək uğrunda mübarizə gücləndi. Rusiyanın başının öz daxili işinə qarışması, region məsələlərini bir qədər arxa plana keçirməsi həmin gücləri daha da həvəsləndirdi. Kollektiv Qərb Ermənistana daha da yaxınlaşdı. Regiona soxulmaq üçün özlərinə alət etdikləri bu ölkənin "gələcək taleyini müəyyənləşdirmək" üçün bir araya gələn güclər Brüsseldə görüşmək və məşvərət aparmaq qərarına gəldilər.
5 aprel tarixində Ermənistan, Avropa İttifaqı və ABŞ-ın iştirakı ilə Azərbaycanın razılığı olmadan üçtərəfli görüş keçirildi. Ola bilsin ki, Paşinyan bu dəfə də Brüsseldən əli ətəyindən uzun qayıtsın. Ola da bilər ki, Ermənistan Qərbin vassallığına keçsin, amma burada bir məqam da var: Bəs görəsən Cənubi Qafqazda birinciliyi kim qazanacaq: Fransa, ABŞ, yoxsa Almaniya? Bax, bu, zaman məsələsidir və tarix göstərir ki, şərikli malın sonu həmişə dava ilə bitir. Ola bilsin ki, regionda birinci olmaq istəyənlər arasında da qovğa baş versin: Yəni təmsildə deyildiyi kimi:
Olmadılar razı
onu bölməyə,
Çıxdı iş axır
ölüb-öldürməyə...
Ancaq nə olursa-olsun onların qarşısında qətiyyətli, qüdrətli Azərbaycan var!..


İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Milli Məclisin növbəti plenar iclası keçirilib
Tarix boyu “Parçala və hökmranlıq et” siyasətini rəhbər tutanlar indi Cənubi Qafqazda “sülh”dən dəm vururlar - ŞƏRH
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər