5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür
İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Əlamətdar günün bu tarixdə qeyd olunması heç də təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndərimiz Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidəntəşkil olunub.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki, mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradır.




Ölkəmizin hər yerində mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Son illərdə 50-ə yaxın müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionu xüsusi qeyd olunmalıdır. Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzi yüksək zövqlə tikilərək idmançıların ixtiyarına verilmişdir. Ümumilikdə, ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.

Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib.Təsadüfi deyil ki, respublikamızda hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir.
Azərbaycanın iqtisadi qüdrəti möhkəmləndikcə, idmana da dövlət səviyyəsində qayğı artırılır. Bunun sayəsində isə idmanda əldə edilən nəticələr ildən-ilə yüksəlir. 2000-ci ildən başlayaraq Yay Olimpiya Oyunlarının nəticələrindən aydın görünür ki, hər 4 ildən bir baş tutan oyunlarda Azərbaycanın qazandığı medalların sayı artıb. Bu isə özlüyündə müsbət dinamikadan xəbər verir. Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlanmışdı. Geriyə dönüb baxanda müstəqillik qazandıqdan sonra qatıldığımız Olimpiya Oyunlarında-1996-cı ildə Atlantada (ABŞ) 1, 2000-ci ildə Sidneydə (Avstraliya) 3, 2004-cü ildə Afinada (Yunanıstan) 5, 2008-ci ildə Pekində (Çin) 7, 2012-ci ildə Londonda (Böyük Britaniya) 10 medala sahib olmuşuq. Milli komandamız 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) yeni qələbəyə imza atmışdır. Belə ki, Rioda medalların sayı birdən-birə 18-ə çatmışdır. Bunlardan 1-i qızıl, 7-si gümüş, 10-u bürünc medaldır. İdmançılarımız medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, keçmiş Sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində 1-ci yerdə qərarlaşmışdır.

Dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular.
Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafından və dövlətin idmana olan diqqət və qayğısından xəbər verir.Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsi idi. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanırdı. Azərbaycan müstəqillik yolları ilə irəlilədiyi qısa müddət ərzində dünya idmanı tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazanıb və Olimpiya ölkəsinə çevrilib.
2022-ci ilin avqustunun 9-18 tarixlərində Türkiyənin Konya şəhərində keçirilən 50-dən çox ölkənin iştirak etdiyi V İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız uğurla çıxış etmişlər. Azərbaycanı İslamiadada 281 idmançı təmsil etməklə 19 növdə güclərini sınamışlar. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurmaqla 29 qızıl, 36 gümüş, 34 bürünc əldə etmişlər.
44 günlük Vətən müharibəsi savaşında əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmamışdır. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımızın azad olunmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar. Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal-üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 1000 nəfər İkinci Qarabağ müharibəsində iştirak etmiş onlardan 321 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev demişdir: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. ...Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
Bu gün respublikamızda idmana dövlət qayğısı, bu sahəyə olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Nüfuzlu idman yarışlarına və tədbirlərə ev sahibliyi, idmançılarımızın mötəbər yarışlarda çoxlu sayda medallar və mükafatlar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
Lider-media.az.