lider-media.az

Xocalı faciəsindən 33 il ötür

Baxış: 12 Tarix: 26-02-2025, 09:02

Xocalı-tarixin qanlı səhifəsi

“Xocalı hadisələri bir daha onu göstərdi ki,ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək üçün vəhşi bir yola düşmüşlər.Bu,Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi.O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı.O süngü bizi sızıldadır.Bu yara hələ sağalmayıb,bağlanmayıb,bu yara qəlbimizdə həmişə olacaqdır.Gecə vaxtı dinc əhaliyə hücum etmək,öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir”.

                                                                                                                                                 Heydər Əliyev,

                                                                                                                                                  Ümummilli lider.             

                                                                                                                                                                                                                  

 

Tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədilib.Xocalı faciəsi bunlardan yalnız biridir.26 fevral 1992-ci ildə Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli vəhşilik törədildi. Erməni hərbi birləşmələri bu qədim Azərbaycan şəhərini yerlə-yeksan etdilər. Köməksiz mülki əhali xüsusi amansızlıqla qətlə yetirildi.Südəmər körpələrə,əlsiz-ayaqsız qocalara,qadınlara,uşaqlara belə aman verilmədi.Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan vandalizim aktı kimi tarixə yazıldı.

Yaxın tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk edilmişdir.Müharibə bəşəriyyətə həmişə ağır bəlalar gətirmiş, insanları dözülməz məhrumiyyətlərə,əzab-əziyyətə düçar etmişdir.Bəşəriyyət tarixinə Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü,vəhşiliyi kimi daxil olub.O gecə, o günlər həlak olanlar xalqımızın milli azadlıqları yolunda apardıqları mübarizənin qurbanlarıdır, şəhidləridir.

Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdır.Yalnız ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra erməni millətçilərinin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin miqyası, o cümlədən Xocalı soyqırımı barədə həqiqət dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı.1994-cü il martın 1-də ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalamışdır.Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral-Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuş bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında”Azərbaycan Respublikası Prezidenti tərəfindən fərman imzalanmışdır və fevralın 26-da saat 17:00-da soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.

Ümummilli liderimiz hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşırdı.Ulu öndər hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş,Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır.Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndərimiz hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanımızın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Məlum olduğu kimi,Prezident cənab İlham Əliyev yanvarın 28-də Xocalı faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalamışdır.Sərəncamda deyilir:”Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.

Ölkəmizdə son illər Xocalı soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində geniş ideoloji-intellektual işlər görülmüşdür.Birinci vitse-prezident, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi səyi,Leyla Əliyevanın təşəbbüsü nəticəsində Azərbaycan həqiqətləri,Xocalı faciəsi haqqında kitablar,filmlər,sərgilər dünyanın hər yerində nümayiş olunub.L.Əliyevanın İslam Konfransı Təşkilatına daxil olan ölkələrlə birlikdə Xocalıya ədalət» kampaniyasını uğurla davam etdirməsi nəticəsində  okeanın o tayında, Avropada və bir sıra ölkələrdə Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin sayı getdikcə artır. Azərbaycan gənclərinin də xüsusilə fəallığı ilə müşayiət olunan kampaniyalar dünyanın müxtəlif güşələrində Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasında,beynəlxalq ictimaiyyətin diqqətinin erməni təcavüzkarlığının və ağır nəticələrinə cəlb edilməsində mühüm rol oynayıb.Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün ictimai-siyasi birliklər,ictimai təşkilatlar, türk-Azərbaycan diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik.

30-cu ildönümü tamam olan Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirəsi bizi öz mübarizəmizdə mətin,cəsarətli,inadkar olmağa ruhlandırır.Xocalı faciəsi ötən ildən başlayaraq kədərlə yox,qürurla anılır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.Möhtəşəm qələbə nəticəsində Qarabağımız artıq bizimdir.Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı.Xocalıda,eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Qəti əminik ki,Xocalımız da ən qısa zamanda özünün əsl sahibləri ilə xocalılılarla görüşəcəkdir.Xocalı da bütövlükdə qurub-yaradılacaq, yenidən Qarabağımızın ayrılmaz,dilbər guşəsinə çeviriləcəkdir!

Xocalı naləsi,Xocalı harayı bəşər tarixinin ən dəhşətli faciəsi kimi heç vaxt yaddaşlardan silinməyəcəkdir.Xocalıda tökülən qanlar bu torpağın üstündə açılan çiçəklərin rəngidir.İllər ötüb keçəcək,ancaq nə Xocalı dərdi, nə də xocalıların naləsi yaddan çıxmayacaq.Xocalı faciəsi bizim qan yaddaşımızdır.Çünki tarix heç nəyi unutmur. Gəlin biz də Xocalını və xocalıları unutmayaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi