Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur
Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni "Əzəl çərşənbə" də adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Mifik mətnlərdə su həyat, dirilik mənbəyi, xoşbəxtlik gətirən müqəddəs inam obyekti kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə edilir. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Çərşənbələri həyat üçün önəmli dörd ünsürlə - su, od, yel və torpaqla əlaqələndiriblər. İnanca görə, Novruz çərşənbələrində baharın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.
Su çərşənbəsində keçirilən mərasimlərSu həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox mətnlər mövcuddur. İnanırlar ki, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür.
Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur. İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su” üstündən keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər.