İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.
Hazırda ərazidə planlaşdırma işləri görülür.Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlini qoydu.
Qeyd edək ki, ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.
Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.