Laçın Beynəlxalq Hava Limanı istismara verilməsi ilə bölgənin sosial-iqtisadi inkişafına və turizm potensialının artmasına da səbəb olacaq
Nəqliyyat sektoru ölkə iqtisadiyyatının infrastruktur sahələri ilə yanaşı, cəmiyyətin sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaqda mühüm rol oynayır.
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri isə beynəlxalq hava limanlarının istismara verilməsidir ki, bu da Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.
İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən mühüm layihələrdən biri də inşa edilən hava limanlarıdır. Rekord müddətdə - cəmi 8 ayda hazır olan möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin oktyabrın 26-da, 2022-ci ilin oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsindən sonra regionun strateji əhəmiyyətini artıran daha bir-Laçın beynəlxalq hava limanının tikintisi isə davam etdirilir. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub.
Ümumiyyətlə, beynəlxalq hava limanlarının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Sovet dövründə Laçında hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyilə güclü siyasi iradənin olduğunu sübut edir.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlər yerinə yetirilib.
Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək və o, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır.Laçın hava limanı təkcə hərbi-strateji deyil, həm də iqtisadi üstünlüklərə malik olmaqla rayona çoxlu sayda turistin gəlməsinə də şərait yaradılacaq.