lider-media.az

Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

Tarix: Bu gün, 08:41

 7 fevral 2024-cü il prezident seçkilərindən 1 il ötür

Prezident İlham Əliyevin 21 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  illər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 21 il kimi daxil olub. Bu gün həmin tarixi vərəqlədikcə bir daha Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin onun ən layiqli davamçısının müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətində uğurla davam etdiyini görürük. Prezident İlham Əliyev mövcud şəraitə adekvat yanaşma­ları, düzgün və məqsədyönlü qərarları, eyni zamanda, müasir dünyanın çağırış­larına uyğun addımları ilə xalqın inamını doğrultdu. Dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyi qorudu, mil­li birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətini daha da inkişaf et­dirərək hər bir azərbaycanlının Prezidenti oldu.

Ölkə rəhbəri İlham Əliyev hər bir dövlə­tin, cəmiyyətin həyat qayəsini təşkil edən iqtisadiyyatı müasir strateji dövrdə yeni bir səviyyəyə yüksəltdi. Uğurlu xarici siyasət kursu və sabit diplomatik münasibətlər Prezident İlham Əliyev dövrünün mühüm göstəricilərin­dəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf et­dirilməsi ölkə Prezidentinin xarici siyasət kursunun reallığı və böyük uğurudur.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi 21 illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanı­lan tarixi Zəfərdir. Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə  yazdırdı. 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi. Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyev 30 illik işğal­dan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Res­publikasının mütləq suverenliyinin təmin edilməsi və üçrəngli möhtəşəm Azərbay­can bayrağının vətənimizin bütün şəhər və rayonlarında dalğalandırılması cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan zabitinin, əsgərinin möhtəşəm tarixi Zəfə­ridir. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar isbatlayır ki, bundan sonra da ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tarix sübut edir ki, dövlətin inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən asılıdır. Bu, keçmişdə də belə olub, indi də belədir. Hər bir güclü dövlətin timsalında bu amil özünü daim göstərib.Müasir Azərbaycan dövlətinin 1993-cü ildən sonra yazılan tarixi də deyilənlərin aydın təsdiqidir. Dahi və uzaqgörən dövlət rəhbəri kimi məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün adı dünyanın ən nüfuzlu liderləri ilə bir sırada çəkilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.

21 ilin nailiyyətləri sübut edir ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu dövr ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.

                          “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”


Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər cənab İlham Əliyevin  prezident seçkilərində qələbəsinə, son 21 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası dövlətimizin başçısının ölkəmizdə keçirilən prezident seçkilərində dəfələrlə uğur qazanmasına bələdçilik edirSon 21 ilə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaradır: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azəçrbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”

Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas edib bugünkü reallıqlarına yol açan ulu öndər Heydər Əliyevin xidmətlərinin miqyası bu fikri böyük inamla və qətiyyətlə ifadə etməyimizə əsas yaradır ki, bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Azərbaycan sabitlik diyarı kimi nüfuz qazandı. Bu sabitlik, eyni zamanda onun əsas yaratdığı bisnes imkanları Azərbaycana investisiya axınını sürətləndirdi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Möhkəm təməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderin olması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiq olduğunu həm yaşadığı gerçəklikləri ilə, həm də beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması ilə sübut edir. Bu xoşbəxtliyi davamlı edən açar isə ulu öndər Heydər Əliyevin 2003-cü il prezident seçkilərində xalqa müraciəti oldu:

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 1 oktyabr 2003-cü il müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən ulu öndər Heydər Əliyev bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Xalqımız Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlar fonunda 2003-cü il 15 oktyabr prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəkləməklə növbəti dövr üçün uğurlarımıza yol açdı. Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi bu əminliyi bir daha yada salaq: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Dövlətimizin başçısı İlham Əliyevin mətbuata ilk müsahibəsində söylədiyi fikirləri də xatırlamaq yerinə düşər. “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cənab İlham Əliyevin cavabı ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf edən Azərbaycanın gələcək inkişafının istiqaməti kimi dəyərləndirildi: “Gərək mən ümidləri doğruldam... Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Bütün bunlar haqqında düşünürdüm... Bu da təbii idi ki, keçmişdə gördüyüm işlər haqqında düşünürdüm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”

Dövlətimizin başçısı İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi, Azərbaycana biri-birindən əhmiyyətli uğurlar qazandırdı. Son 21 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb. “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik” söyləyən cənab İlham Əliyev bildirir ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.”

Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi proqram xarakterli bu fikri də yada salaq: “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.” Dövlətimizin başçısı bu reallıgı da qeyd etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək mümkündür. İqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.

Cənab İlham Əliyev 2003-cü il andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağını əsas vəzifə kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Bu, inkişaf modeli dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan Azərbaycanın mühüm uğurlarındandır.  Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir.”

Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə təsdiqlənir. Cənab İlham Əliyev bildirir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı, istər seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan adımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyir ki, bu addımlar ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması Azərbaycanın bu gününə və gələcəyinə xidmət edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir.

Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi