Türk dünyasının qəhrəman oğlu
Yaşasaydı 37 yaşını qeyd edəcəkdi Mübariz. Bir şimşək ömrü yaşayaraq Vətən,torpaq yolunda qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun igidliyi heç zaman solmayacaq.İllər ötüb keçsə də Mübariz xalqın xatirəsində elə 22 yaşlı bir qəhrəman kimi qalacaq.Bir evdən çıxıb,bütün xalqın qəhrəmanı olmaq böyük xoşbəxtlikdir.
Həyatın qəribəlikləri çoxdur.Mübariz sadə,zəhmətkeş bir insanın-Ağakərim kişinin ailəsində dünyaya göz açan üç oğuldan biri,sonbeşik övlad idi.Ağakərim kişi,Şamama ana bu sonbeşik övladlarına Mübariz adı vermişdilər.Niyə məhz Mübariz?! Bax,elə qəribəlik də bundadır.Bəlkə elə sonbeşik ovladları dünyaya göz açdığı ilk günlərdən valideynlərinə əyan olmuşdu ki,hələ ağılı kəsməyən,hər şeyə qəribə nəzərlərlə diqqət yetirən bu uşaq haqsızlıqla barışmayan,cəsur,mübariz bir yeniyetmə olacaq.Bəlkə də belədir.Amma Ağakərim kişi də,Şamama ana da sonbeşik haqqında danışırlar ki,Mübariz lap kiçik yaşlarından özündən əvvəlki qardaşlarından fərqlənir,işgüzarlığı,zəhmətsevərliyi ilə seçilir,ən vacib xüsusiyyəti isə bu idi ki,hər hansı haqsız hərəkətlə barışa bilmirdi.İllər keçdikcə Mübarizin bu keyfiyyətləri daha da möhkəmlənirdi.Orta məktəbdə əlifba bayramında “Azərbaycan əsgəri” hərbi marşına oynaması və atasını da bu rəqsə dəvət etməsi hələ də müəllimlərinin xatirindədir.Müəlliməsi Bəsirə xanım deyir ki,bir dəfə hərbi formaya bənzər bir paltar geyinməsi “baxın,əsgər formasıdır”-deyib uşaqcasına qürurlanması kimi epizodlar bəlkə də elə o vaxtdan qəhrəmanlığa gedən yolun başlancığı imiş.
İki il Daxili Qoşunlarda xidmət edən Mübariz bir Vətən əsgəri kimi bişib-bərkiyir,hərbi biliklərə yiyələnir.2007- ci ildə hərbi xidmətini çavuş kimi başa vurur.Ata-anası sonbeşik övladlarının uca boyuna,möhkəmlənmiş əzələlərinə fərəhlə baxırlar.Əsgər paltarını soyunan Mübariz bir müddət mülki işlərdə çalışır,təsərrüfatda valideynlərinə kömək edir.Ancaq bu,çox çəkmir.Hər gün eşitdiyi cəbhə xəbərləri onu narahat edir.Və Mübariz qəti qərarını verir:”hərbi xidmətə qayıtmalıyam.Mən hələ düşmənlərə öz sözümü deməmişəm...”
Ata-anasını razı salır,yenidən hərbi forma geyinən Mübariz öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayır.Hər gün rastlaşdığı hadisələr onun nankor qonşularımız olan ermənilərə nifrətini daha da artırır.Mübariz daha dözə,əsəblərini cilovlaya bilmir.Çoxdan beynində dolaşan fikirləri, ürəyində gəzdirdiyi son qərarını bir daha götür-qoy edir.Hərbi hissənin bir sakit küncünə çəkilib ata-anasına sonradan bütün türk dünyasına səs salacaq kiçik məktubunu yazır:”Canım atam və anam.Məndən sarı darıxmayın.İnşallah,cənnətdə görüşəcəyik.Mənim üçün bol-bol dua edin.Vətənən dar günündə ürəyim artıq dözmür.Allah xatir bunu etməliyəm.Ən azından ürəyim sərinlik tapar.Şəhid olanacan bu şərəfsizlərin üzərinə gedəcəyəm.Şəhid olsam,ağlamayın.Əksinə,sevinin ki,o mərtəbəyə yüksəldim.Allaha ibadətlərinizi dəqiq yerinə yetirin.Çoxlu sədəqə verin.Seyid nəvəsi olaraq bunu etməliyəm.Allah böyükdür.Vətən sağ olsun.Oğlunuz Mübariz...Haqqınızı halal edin”.
Və 2010-cu ilin 18 iyun tarixinə təsadüf edən həmin gecə ölümə meydan oxuya –oxuya düşmən üzərinə gedir.Düz deyirlər ki,qəhrəmanlıq üçün bir an da kifayətdir.Amma bunun üçün illərlə hazırlaşmalısan.
Mübarizin qəzəbdən, nifrətdən yanan ürəyini ancaq düşmənin məhvi söndürə bilir.Hərbidə qazandığı təcrübə köməyinə çatır:minalanmış ərazini təhlükəsiz keçə bilir.İndi o çoxdan görüşmək arzusunda olduğu erməni qaniçənləri ilə üz-üzədir.Əlindəki silahını bərk-bərk sıxır.İlk həmlədə çoxlu sayda düşmən əsgərləri pərən-pərən düşürlər.Bu qeyrətli,ürəyində sonsuz Vətən,torpaq sevgisi gəzdirən Azərbaycan əsgərinin güllələri boşa getmir.Bir neçə saat təkbaşına,qeyri-bərabər davam edən döyüşdə Mübariz İbrahimov əsl qəhrəman kimi şəhid olur,gözlərini əbədi yumur...
Tarixə səs salan,yatan ruhlarımızı oyadan bu qəhrəmanlıq ürəklərdə iz qoyur.Ana tarix misli-bərabəri olmayan biq qəhrəmanlığın şahidi olur.Cəmi 22 illik bir ömür yaşamış bu cəngavər,ölməz Vətən oğlunun hünəri,igidliyi ata-anasına,qardaşlarına qohumlarına,dost və tanışlarına,Azərbaycan xalqına,bütün türk dünyasına sonsuz baş ucalığı gətirir...
Ağakərim kişi həmin günü belə xatırlayır:Mənə dedilər ki,başını dik tut,oğlun Vətən yolunda fəda olub.Göz yaşlarımı bircə anlığa boğa bilməsəm də,nə özümü itirdim,nə də sındım!Başımı dik tutub,”Vətən sağ olsun” dedim.Mən onu saxlaya bilmədim seçdiyi yoldan! Kimsə də saxlaya bilməzdi,kəlməsi Vətən idi.Dilindən düşmürdü Vətən kəlməsi.Mən oğlumu Vətənə fəda etmişəm.Vətən hər şeydən ucadır və Vətənin şərəfindən söhbət gedən yerdə atanın da qarışmağa haqqı yoxdur.Uşaqlarıma haqqa baş əyməyi,yalana nifrət etməyi,zülmə qarşı vuruşmağı öyrətmişəm.
Öz qəhrəmanlığı ilə düşmən tərəfini sarsıltmış igid Mübariz İbrahimovun cəsədi bir neçə aydan və uzun danışıqlardan sonra geri alınaraq torpağa tapşırılır.Elin qəhrəman,Mübariz oğlu ikinci Fəxri xiyabanda dəfn olunur.Məzarı xalqın ziyarət yerinə çevrilir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Bu gün Mübariz İbrahimovun şəhid olduğu postda Azərbaycan bayrağı ucalır.
Vətən,torpaq yolunda şəhid olanlar ölmürlər,şəhidlik zirvəsinə ucalaraq əbədiyyət hüququ qazanırlar.Məhz Mübariz İbrahimov kimi... Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəb-lisey kompleksi,küçələr var.Mavi sularda “Mübariz İbrahimov”gəmisi üzür.”Müqəddəs zirvə” filmi onun igidliyindən,qəhrəmanlığından bəhs edir.Qəhrəmanın döyüş yolundan bəhs edən neçə-neçə kitab var.
Mübarizin qəhrəmancasına şəhid olmasından sonra dünyaya yüzlərlə mübarizlər göz açıb.Onların hər biri bu günümüzün və sabahımızın mübarizləridir.Qəhrəmanın ata ocağında demək olar ki, hər gün gur qələbəlik var.On iki illik Xatirə kitabındakı qeydlərə,ünvanlara nəzər salanda ziyarət edənlər arasında ziyalılara,Milli Məclisin deputatlarına, dindarlara, şəhid atalarına və ən çox gənclərə rast gəlirsən.İmişli rayonunun Muradxanlı kəndindən gəlmiş bir qrup gənc yazır:”Əziz qardaşımız,sən doğrudan da bu qəhrəmanlıqla cənnətə qovuşdun.Sən bu hünərinlə,cəsarətinlə nəinki bir elin,bir rayonun,bir respublikanın,hətta bütün türk dünyasının müqəddəs,qəhrəman oğluna çevrildin”.F.Quliyev və D.Ağayev soyadlı iki şəxsin imzaladığı və qısa cümlədən ibarət olub böyük məna daşıyan qeydləri də diqqətimizi çəkir:”Millətin ruhunu özünə qaytaran qəhrəman.Allah sənə rəhmət eləsin”.
Qəhrəmancasına əbədiyyətə qovuşanların yaşı da əbədi olur.Çünki torpaq uğrunda ölüm həyatın davamıdır.Biləsuvar torpağının ilk Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsi Vətənə,torpağa bağlı insanların ürəyində əbədi yaşayacaq.Ruhun şad olsun!