Kahramanmaraş yenidən dirçələcək
6 fevral 2023-cü ildə meydana gələn 7,7 bal gücündəki zəlzələ Türkiyənin 11 şəhərini dağıntıya uğratdı. Bu böyük fəlakət 900 ildən bəri gözlənilən və mütəxəssislərin diqqətini çəkən bir təbii hadisə idi. Sonuncu belə zəlzələ 1114-cü ildə baş vermişdi. Təəssüf ki, bu zəlzələ yalnız başlanğıc oldu. İlk təkandan 9 saat sonra 7,6 bal gücündə ikinci bir zəlzələ baş verdi. Bu iki böyük təkan arasında 6,7 bal gücündə başqa bir zəlzələ və bir sıra afterşoklar qeydə alındı. Fevralın 20-də isə Hatayda 6,5 bal gücündə başqa bir zəlzələ hiss olundu. Kahramanmaraş və Hatay başda olmaqla, bölgədəki daimi zəlzələ dalğaları böyük faciələrə və dərin yaralara səbəb oldu.
Bu fəlakət nəticəsində 53537 nəfər həyatını itirdi, 107213 nəfər isə yaralandı. Zəlzələ ümumilikdə 120000 kvadratkilometrlik ərazini dağıdaraq insanları ağır duruma gətirdi. Türkiyə zəlzələnin ardından dərhal 4-cü səviyyə xəbərdarlıq etdi və 93 ölkədən axtarış-xilasetmə qrupları bölgəyə gəldi. Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olundu. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrıldı. İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırıldı ki, bu da təxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaratdı. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edildi. Bu dövrdə "Türk Hava Yolları" 13 min 701 uçuşla 2 milyondan çox sərnişin daşıdı, zəlzələ bölgəsinə 32 min 770 ton yardım materialı çatdırdı. Təbii fəlakətdən zərərçəkən vətəndaşlara, həmçinin 14 milyard 453 milyon lirə məbləğində kirayə dəstəyi göstərildi. Dağılmış 38901 binada axtarış işləri aparıldı, sağ qalan insanların olduğu 26000-dən çox binada isə xilasetmə əməliyyatları həyata keçirildi.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq.KBu barədə Kahramanmaraş Böyük Şəhər bələdiyyəsinin sədri Fırat Görgel məlumat verib.O bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA). Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.
O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.
“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. Bundan sonra məskunlaşma prosesi başlayacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, bir sıra ölkələrin media nümayəndələri yeni yaşayış massivində aparılan işlərlə tanış olublar. Hazırda ərazidə abadlaşdırılma və ağacların əkilməsi işləri aparılır.
“Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.