lider-media.az

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Tarix: Bu gün, 08:38

Cavid Mahmudov

 

 Şanlı  qələbəni  bizə yaşadanlardan  biri- Vətən Müharibəsi Qəhrəmanı  Cavid  Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsəndə, 2012-2018-ci illərdə  Tovuzda, 2018-2020-ci illərdə isə Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissələrində xidmət edib. 2020-ci ildən isə Cavid Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində hərbi xidmətdə idi. Vətən qarşısında 10 illik qüsursuz xidmətləri ona bu illər ərzində bir çox təltiflər, mükafatlar, medallar gətirir. Ali Hərbi Məktəbin magistr pilləsini də bitirir.

Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və 2020-ci ilin oktyabrın 5-də düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbristanlığında dəfn edilmişdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, Cavid "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir. Xidmət dövründə Cavid Azərbaycan Silahlı Qüvvələrinin 90, 95,  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medallarına da layiq görülmüşdür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilmişdir.

Vətən müharibəsi başlayanda həmlə taboruna komandirlik edən kapitan Cavid Mahmudov Füzulinin Əhmədbəyli kəndindən əks-hücum əməliyyatlarına qoşulur. Şəhidin atası Hilal Mahmudov söyləyir ki, işğalçı ermənilər Cavidin taborundan qorxaraq xeyli geri çəkilib: "Oğlum taboru ilə, 300 nəfərlik şəxsi heyəti ilə birlikdə Füzuli istiqamətində ən ağır döyüşlərdə iştirak edib. Düşməni torpaqlarımızdan qovublar. Oğlumla fəxr edirəm. Dövlətimiz də oğlumun qəhrəmanlığını qiymətləndirdi, Vətən Müharibəsi Qəhrəmanı adı verdi. Vətən sağ olsun!".

Anası onun toy karvanını görmək istəyirdi, ancaq gələn şəhid karvanı oldu... Bir il idi nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan Cavid Mahmudov noyabrda özünə toy edib, sevib-seçdiyi qızla ailə həyatı quracaqdı. Amma Vətən sevgisini, hər şeydən uca tutdu.

Cavid üçün təkcə ana deyil, sinif müəllimi olan Nəsibə müəllimə deyir ki, övlad itkisinə dözmək nə qədər ağır olsa da, Vətənə borcunu layiqincə yerinə yetirdiyi üçün haqqımı ona halal edirəm: "Oğluma toy edəcəyimi gözləyirdim. Oktyabrın 23-də qız toyu olacaqdı, noyabrın 14-də isə oğlan toyu. Toy günü də təyin etmişdik. Amma belə qismət oldu. Nə qədər ki, bu dünyada yaşayıram, Cavidimlə gəlinim də qəlbimdə olacaq".

Qardaşı Nəbi Mahmudov deyir ki, Cavidin qəhrəmanlığı dillər əzbəri olub: " Əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub. Şəhadətə yüksələndən sonra onun keçdiyi istehkamları görmək üçün azad olunan ərazilərə getdim. Cavid Füzuli rayonu istiqamətində dörd yüksəkliyi alıb və ermənilərin orada qurduğu istehkamları yararaq keçib. Cavid əks-hücum əməliyyatlarında aldıqları bütün yüksəkliklərə bayrağımızı özü sancırmış. Oktyabrın 5-də həmlə zamanı 200-dən çox əsgərini mühasirədən xilas edən kapitan, növbəti - 5-ci yüksəkliyə bayrağımızı sancarkən qəfil düşmən gülləsinə tuş gəlib. Qardaşım şəhid olandan sonra Füzulidə olub, onun keçdiyi istehkamları görəndə fəxr hissi keçirdim, düşmənin oradakı istehkamları daha möhkəm idi. Qardaşımla qürur duyuram".

Cavidin şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi