Azərbaycanda yüksək mənəvi tərbiyəyə malik gənclər yetişir
Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin rolunu yüksək qiymətləndirib: Onun dediyi kimi “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdi. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Ulu Öndər Heydər Əliyev dövlətin gənclər siyasətini hər zaman prioritet məsələ kimi öz nəzarətində saxlayıb. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Azərbaycan gənclərinin forumları. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.
2 Fevral - Azərbaycan Gəncləri Günü kimi qeyd olunması da Ulu Öndərin adı ilə bağlıdır. Onun tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu Öndər Heydər Əliyev xarici ölkələrə tələbələrin göndərilməsi üzrə siyasəti inkişaf etdirdi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər 2002-ci ildə mütərəqqi bir sərəncamla ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etməsi dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətlərindən biri ölkədə mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir. Ölkə başçısı gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşır, onların inkişafına, təhsilinə ayrılan investisiyanın ildən-ilə artırması, onlara müxtəlif mükafatlarla dəstək olması, dövlətimizin aparıcı qurumlarının idarəçiliyinə gənclərin təyin edilməsi dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi böyük etimadın göstəricisidir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olunmuşdu. “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi” yaradılmışdır. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb;
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyev 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzaladı. Könüllülər hərəkatının cəmiyyətimizin inkişafında xüsusi əhəmiyyəti, həmçinin, gənclərin bilik və bacarıqlarının artırılmasına bu fəaliyyət böyük töhfədir.
Ötən il noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.
Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların COP29 zamanı düzgün yönləndirilməsində könüllülərin rolu danılmazdır. Əsasən gənclərdən ibarət həm yerli, həm də xarici könüllülər qonaqları hava limanında qarşılamaq, nəqliyyat və şəhər gəzmə əməliyyatları, hotellərə rahat yerləşmədə fəaliyyətlər icra etməklə yanaşı, COP29 məkanında Yaşıl və Mavi zonalarda da ciddi əmək sərf ediblər. COP29 çərçivəsində 4 min 500 könüllü gənc fəaliyyət göstərib. Onların fəaliyyəti ölkəmizə gələn konfrans iştirakçıları tərəfindən də müsbət qiymətləndirilib. Tədbir sonrası onların xüsusi mükafatlandırılması da cənab Prezidentin könüllülərin əməyini yüksək dəyərləndirilməsindən irəli gəlir.
Ötən il məqsədi gəncləri iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etmək olan “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45000 gənci əhatə edən 625 tədbir təşkil olunub. Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təmizlik və ağacəkmə aksiyaları nəticəsində isə ümumilikdə 5592 ağac əkilib.
Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.
Bu gün Azərbaycanda fəal, təşəbbüskar, azad, təhsilli, yenilikçi, vətənpərvər gənclər yetişib, formalaşıb. Nə xoş bizə, dövlətimizə ki, gələcək nəslin nümayəndələri milli, mənəvi dəyərlərimizin qorunub saxlanmasında da aparıcı mövqe tutur. Azərbaycan gəncliyinin simasının, məğrurluğunun, cəsarətinin, fədakarlığının, vətənpərvərliyinin 44 günlük müharibə zamanı şahidi olduq. İstər cəbhədə, istər informasiya müharibəsində gənclərimiz Azərbaycanın suverenliyi uğrunda mübarizə aparırdılar. Bir sözlə, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur.
Azərbaycançılıq məfkurəsi altında cəbhədə gənclərimiz canları bahasına vətənimizi qorumağa səfərbər oldular. Torpaqlarımız işğaldan azad edildi və hazırda da zəhmətkeş gənclərimizin töhfəsi ilə bu ərazilərə yeni nəfəs gəlib. Ulu Öndər 2002-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə nitqində demişdi: “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”. Uzaqgörən liderin arzusu bu gün çin olub.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı.