lider-media.az

Vətən  sevgisini hər şeydən uca tutdu

Baxış: 159 Tarix: 2-02-2025, 07:20

 

 Vətəni canı bahasına qoruyan daha bir qəhrəmanımız Azərbaycan Ordusunun əsgəri  Ələkbərov Rəşad  İlqar oğlu 1997-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra 2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Ağcəbədidə hərbi xidmətə başlayıb və Füzulidə hərbi qulluğunu başa vurub. 2020-ci ilin iyul ayında Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən (Tovuz hadisələrindən) sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı  Füzuli,  Hadrut,  Daşaltı  və Şuşanın  işğaldan azad olunmasında iştirak edib. Rəşad Ələkbərov ölümündən sonra  "Vətən uğrunda" ,  "İgidliyə görə" , "Cəsur döyüşçü",   "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 Rəşadın dayısı ehtiyatda olan zabit  Faiq Ələkbərlinin xatirələrundən: " Vətən müharibəsi ilə əlaqədar ölkəmizdə qismən səfərbərlik elan edildi, onlarla, onminlərlə gənclərimiz kimi Rəşad da könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə getməmişdən əvvəl Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimdə olub, sonra cəbhəyə aparıblar. Rəşad ailənin yeganə övladı olub, özündən başqa nə bacısı, nə də qardaşı var. Rəşadın anası, bacım Nailə Ələkbərova özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb. Rəşad evin tək övladı olduğu üçün anası ona deyib ki, mənim səndən başqa dayağım yoxdur, sən müharibəyə getsən, mənə kim həyan olacaq? Rəşad da anasına deyib ki, yaxşı, mən getməyim, sən getmə, başqaları getməsin, bəs onda kim bu Vətəni, bu milləti qorusun, torpaqlarımızı işğaldan azad etsin? Anasının bütün israrlarına baxmayaraq, Rəşad könüllü olaraq müharibəyə getdi. Birbaşa ön cəbhəyə, Qarabağ cəbhəsinə yox, cəbhədən kənar yerlərdə xidmət etmək şansı olub, amma bütün hallarda ön cəbhəyə getmək, düşmənlə qaynar döyüş nöqtələrində döyüşmək istəyib. Rəşad Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı, Şuşa və Xankəndidəki döyüşlərdə qəhrəmanlıqla döyüşüb, bu şəhərlərimizin və bir sıra kəndlərimizin işğaldan azad edilməsində fədakarlıqlar göstərib. Şuşa döyüşlərində yaxından iştirak edib və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 Sonuncu dəfə əlaqə saxlayıb əmisi ilə telefonla danışarkən deyib ki, Xankəndinin bir addımlığındayıq, Xankəndidəyik, Xankəndi də Gədəbəyimiz kimi gözəl bir yerdir. Çox güman ki, Rəşad Xankəndi yaxınlığında şəhid olub. Onunla bağlı məlumat noyabrın 7-də axşam tərəfi alınıb. Amma 8-9 noyabr tarixində ondan heç bir xəbər gəlmədi. Bilirik ki, noyabrın 7-də 8-də ordumuz Şuşada idi, döyüşlər artıq Xankəndinə yaxınlaşırdı. Sadəcə, noyabrın 8-də təmizləmə əməliyyatı başa çatdıqdan sonra Şuşanın işğaldan azad olunmasını dövlət başçısı elan etdi. Rəşadın şəhid olması xəbərini biz noyabrın 11-də eşitdik, bu barədə bibim oğlu Mahirə, qardaşım Fazilə məlumat verilib. Noyabrın 12-də Rəşadın dayısı Fazil, böyük qardaşım İlhamın oğlu Ceyhun və bibimiz oğlu Mahir və digər qohumlar Füzuliyə gedib oradan şəhidimizin nəşini Gəncə şəhərinə gətiriblər. Rəşadı noyabrın 12-də Gəncənin Şəhidlər xiyabanında dəfn etdik. O Vətənə olan sevgisini hər şeydən uca tutdu və qəhrəmancasına şəhidlik zirvəsinə qovuşdu".

Ölkəmizin ərazi bütövlüyünün bərpası, müqəddəs torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi