Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub
Çıxışlarda qeyd olunub ki, Polad Bülbüloğlu təkcə müğənni və bəstəkar deyil, bütöv bir dövrün simvoludur. Onun mahnıları nəsilləri birləşdirən, milli musiqimizi zənginləşdirən bir mirasdır. Kreml Sarayında keçirilən bu möhtəşəm yubiley konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxaraq bu gün də sevilir. O, öz unikal yaradıcılığı və bitməyən enerjisi ilə insanları ruhlandırmağa davam edir.
Polad Bülbüloğlu tamaşaçıları uzun illərdir dinləyicilərin qəlbini fəth edən melodik mahnıları və bənzərsiz ifa tərzi ilə sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”, “Mənim Azərbaycanım”, “Liderin ürəyi”, “Gəl, ey səhər”, “Zəng et” və digər mahnıları səslənib.Hər bir mahnı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Polad Bülbüloğlunun əvəzolunmaz ifası və məlahətli səsi illər öncəki kimi güclü səslənib və bir daha həqiqi istedadın zamanın təsirinə məruz qalmadığını sübut edib. Bəstəkarın dostları və məşhur səhnə adamları sənətkarı səhnədən təbrik edərək onunla birlikdə oxuyublar.
Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzundərə”, “Cəngi”, “Sarı gəlin” rəqsləri gecəyə xüsusi ab-hava qatıb.Gecənin sonunda tamaşaçıların gur alqışları altında sənətkara çiçək dəstləri təqdim olunub. Azərbaycan sənətçisinin konserti Moskvanın mədəni həyatında mühüm hadisələrdən birinə çevrilib və Polad Bülbüloğlu musiqisinin təkcə Azərbaycan üçün deyil, dünya musiqi mədəniyyəti üçün də dəyərli bir irs olduğunu göstərib.