Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır
İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr oldlmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də Səməd Abdullayev kimi qəhrəman oğulların, onların igidlik salnamələri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Belə böyük şəxsiyyətlərin həyatı və mübarizələri, gənclərə vətənə bağlılıq, milli birlik və həmrəylik dərsləri verir. Onların xatirəsini yaşatmaq, döyüş və igidlik yollarını gənc nəslə təbliğ etmək və bu ruhu onlara aşılamaq, ölkənin gələcəyi üçün çox vacibdir.
Böyük Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Onlardan biri də, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, tibbi xidmət giziri Səməd Abdullayedir. Səməd Abdullayev1920-ci ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Oğuz rayonunda pedaqoji fəaliyyətə başlayan Səməd 1941-ci ilin iyun ayında Qızıl orduya çağırıldı. Tiflisdə hərbi tibbi məktəbdə sanitar təlimatçısı kursunu uğurla bitirib komandanlıq tərəfindən Bakı və Mahaçqalada formalaşan 318-ci atıcı diviziyaya göndərilir. Öz şərəfli döyüş yolunu diviziyanın 1339-cu alayında tabur sanitariya təlimatçısı vəzifəsində başlayır. 1943-cü ilin aprel ayında diviziya Şimali Qafqaz cəbhəsində 18-ci Ordunun tərkibində Novorossiysk şəhəri ətrafında döyüşlərdə fəal iştirak etmişdir. Bu zaman tibbi təlimatçı Abdullayev atıcı hissələrin ön sıralarında yaralı döyüşçülərə ilk tibbi yardım göstərir və bilavasitə döyüşlərdə iştirak edir. O, tüfəng atəşi və qumbaralarla 19 alman əsgərini məhv edir.
Novorossiysk döyüşlərində göstərdiyi igidliyinə görə 1339-cu atıcı
alayın 07/n saylı əmri ilə 10 iyun 1943-cü ildə Səməd Həmid oğlu Abdullayev “İgidliyinə görə” medalı ilə təltif edilir. 318-ci atıcı diviziya “Novorossiyskaya” fəxri adına layiq görülür. Novorossiysk savaşı zamanı Səməd ÜKP(b)-nin sıralarına daxil olur. Taman yarımadasının almanlardan təmizlənməsindən sonra orduda Kerç-Eltigen əməliyyatına hazırlıq başlayır. Əməliyyatın əsas məqsədi Krım yarımadasına desant çıxarıb körpübaşını ələ keçirmək və sonradan Kerç şəhəri istiqamətində irəliləmək idi. Sovet komandanlığının planında Eltigen burnuna desantın çıxarılması vacib yer tuturdu. Bu əməliyyatda 318-ci diviziyanın hissələri də fəal iştirak etməli idilər.
1943-cü ilin noyabr ayı desantçılarla dolu zirehli katerlər və özüyeriyən barjalar Eltigenə yollanır.1943-cü il noyabrın 1-də ağır fırtınalı hava şəraitində 1339-cu atıcı alayın 1-ci taburu düşmən əlində olan sahilə çıxdı.Desantçıların ön sıralarında tibbi xidmət giziri Səməd Abdullayev irəliləyirdi. Sovet atıcıları sürətli və amansız
həmlə nəticəsində nasistləri Eltigen qəsəbəsindən çıxarmağa müvəffəq olurlar. Bu andan etibarən desant tərəfindən ələ keçirilən kiçik torpaq parçası uğrunda şiddətli döyüşlər başlayır. Almanlar körpübaşı ərazisini hər tərəfdən daimi atəşə tuturlar. Qara dəniz donanmasının sahil top batareyaları tərəfindən sovet desantçılarına göstərilən yardım, top atəşi çox məhdud idi. Halbuki almanlar desanta qarşı toplardan başqa təyyarələrdən və tanklardan da geniş istifadə edirdilər. Düşmənin əks-hücumlarının ardı-arası kəsilmirdi. Səməd Abdullayev güclü top və minaatanların atəşinə baxmayaraq, döyüş meydanından yaralıları çıxarıb, onlara ilkin tibbi yardım göstərirdi. O, bu işini bitirib yenə də öz mövqeyinə qayıdır, hücuma keçən düşmənə atəş açır. Vaxtaşırı savaş daha da kəskinləşir, ayrı-ayrı yerlərdə əlbəyaxa döyüşə çevrilir. Tək bu döyüşlərin birində Səməd şəxsən beş alman əsgərini öldürür. 1943-cü il noyabrın 5-də tibbi xidmət giziri Abdullayev döyüş meydanında qəhrəmancasına həlak olur. Ağır silahlardan və təchizatın bütün növlərindən məhrum olmuş desantçılar 40 gün ərzində alınan körpübaşını əllərində saxlayırlar və yalnız komandanlığın əmri ilə Eltigeni tərk edirlər. Eltigen əməliyyatının uğursuz olması rəsmi olaraq təsdiqlənir, lakin əməliyyat iştirakçılarının qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Təltif olunanlar arasında Azərbaycanın igid oğlu Səməd Abdullayevin də adı var idi. Eltigen döyüşlərində göstərdiyi misilsiz şücaətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1945-ci il tarixli fərmanı ilə tibbi xidmət giziri Səməd Həmid oğlu Abdullayevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir və o, Lenin ordeni ilə təltif edilir.
Səməd Abdullayev kimi Azərbaycanın böyük qəhrəmanlarının həyat hekayələri, qəhrəmanlıq dastanları yalnız tarixdə qalmamalıdır, gənclərin qəlbindəki milli ruhu canlandırmaq üçün bir vasitə olmalıdır. Onların şərəfli ömür yolu yalnız döyüş meydanlarında deyil, həm də sosial həyatda, cəmiyyətdə, mədəniyyətdə və təhsildə, fərqli sahələrdə də fəaliyyət göstərən gənclərə nümunə olmalıdır. Vətəni qorumaq, ona xidmət etmək və onun adına layiq olmaq gənclərimizin mənəvi borcudur. Bu yolda Azərbaycanın qəhrəman oğullarının təcrübəsi və irsi çox mühüm rol oynayır. Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olan Səməd Abdullayev kimi qəhrəmanların adı xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri, polkovnik