Kitab-evimizin ən əziz və daimi qonağı
Yadıma hansısa şairdə oxuduğum misralar yada düşür:
- Kitab var ki, bəşər üçün,
Bir incidi, bir daş-qaşdı.
Bir ölkədə yaransa da,
Yüz ölkəyə vətəndaşdı.
"Məndə olan bütün müsbət keyfiyyətlərə görə kitablara borcluyam." Bu ifadə proletar yazıçısı, əslində heç bir mükəmməl təhsili olmayan Maksim Qorkiyə məxsusdur. Bu sətirləri yazıram və yaddaşımı vərəqləyirəm. Deyəsən əsrin dörddə üçüncü yaşadığım ömrümdə kitabsız ötüşən günüm olmayıb. Və kitablarla dostluq, müntəzəm mütaliə mənim üçün həyat əhəmiyyətli bir zərurətə çevirilib. Və bundan qətiyyən peşiman deyiləm, əksinə qürur duyuram. Bəlkə elə buna görədir ki, iki mindən çox kitab olan şəxsi kitabxanamda oxumağa kitab tapa bilmirəm. Deyəsən, fikrimi aydın çatdıra bilmədim. Orda oxumadığım kitab qalmayıb. Ən yaxşılarını isə dəfələrlə oxumuşam. Hər dəfə də ilk dəfə oxuduğum kimi böyük həvəslə. Bəli, kitab misilsiz xəzinə, bu gündən sabahımıza, gələcək nəsillərə işıq saçan nurdur. Neçə yaşımın olduğunu dəqiq xatırlamıram. Onda uşaq idik. Hələ kitabın oxumağın nə olduğunu bilmirdik. Böyük qardaşlarım, bacım axşamlar ailə evdə cəm olanda, bizə nağıllar danışardılar. Bu nağıllar sanki dünyaya gözlərimizi açırdı, bizim üçün ən gözəl əyləncələrdən də maraqlı idi. Eləki, " nağıl burda bitdi, göydən üç alma düşdü..." deyərdilər, uşaq sadəlövlüyü ilə tez əlimi başıma atardım ki, birdən almalar başıma düşər. Və bu hərəkətim hamını güldürərdi.
... Baylrda hava tutqundur, yağış yağır. Bu fürsəti əldən verməyərək, sevimli məşğuliyyətimlə - kitab oxumaqla məşğulam. Telefon zəngi məni kitabdan ayırır. Xəttin o başından dostumun səsi gəlir.
- Nə işlə məşğulsan?
- Kitab oxuyuram.
- Eh, sənin də işin-gücün yoxdur. Nə qədər kitab oxumaq olar, yorulmursan?!
Cavabımı çox gözləmir.
- Bu, mənim üçün çox gözəl əyləncədir.
-Dostum dil-boğaza qoymur.
- Gözəl havadır. Bəlkə görüşək. Onu yaxşı başa düşürəm. Və qınamıram. Əslində bir ziyalı kimi, qınanmalı olsa da, vaz keçirəm. Bilirəm ki, əgər bu yaşına kimi, ( indi ahıl yaşındadır) bir kitabı əlinə götürüb oxumayıbsa, bundan sonra da həyat tərzini dəyişə bilməyəcək.
Haşiyə: Bu telefon zəngi yadıma ötən əsrin 70-ci illərinə təsadüf edən bir əhvalatı yada saldı. Universitetin birinci kurs tələbəsiydim. Kənd uşağı olduğumdan şəhərə, şəhər həyatına təzə-təzə öyrəşirdim. Mərhum professor Qulu Xəlilov bizi ədəbiyyatdan - öz fənnindən sual-cavab edirdi. Mənim də növbəm çatdı. Professor Nizaminin "Sirlər xəzinəsi" ilə bağlı suallar verdi. Böyük Nizaminin həqiqətən əsl sirlər xəzinəsi olan əsərindəki bütün hekayətlərin məzmununu əzbər ɓilirdim. Cavablarım professoru da, hiss edirdim ki, razı salır. Amma gözlənilməz hal baş verdi. Birdən professor heç gözləmədiyim halda soruşdu:
- Heç o əsəri əlinə götürüb vərəqləmisənmi?!
Donub qalmışdım. Yalan danışmaq istəmirdim, həm də cürət etmirdim. Qısa pauzadan sonra dilim dolaşa-dolaşa "yox"dedim.
Onda Qulu müəllimin qərarı qəti oldu.
-Məzmunu bilsən də, cavablarını məqbul hesab eləmirəm. Əsəri tap, bir də oxu, sonra gələrsən... Sözün həqiqi mənasında o illərdə Nizaminin " Sirlər xəzinəsi" kimi əsərləri rayon yerlərində tapmaq müşkül bir işdi. Öyrəndiklərim ədəbiyyat müntəxabatlarından idi. Belə də şəhərdə yaşayan şair dostum Zamin Mahmudov köməyimə çatdı.
-Mənim kitabxanamda var. Gətirərəm.
Kitabdakı, onsuz da əzbər bildiyim hekayətləri bir də sonsuz həvəslə, sanki ilk dəfə oxuyurmuş kimi, maraqla oxudum. Qulu müəllimin yanına da alnı-açıq getdim. Bir dahi deyib ki, dünyada sözdən qiymətli heç nə görmədim. Bu qiymətli sözlərin məkanı isə kitablardır. Yenə uşaqlıq illərinə qayıdıram. O illərdə çox sevdiyimiz bir tapmaca var idi. Sadə və axıcı olduğu üçün onu əzbərləmişdik.
Ağaca çıxar adamla,
Bir nəlbəki badamla,
Nə dili var, nə ağzı,
Hey danışar adamla...
Yaşca böyük qardaşım ilk dəfə bunu biz balacalara söyləyəndə biz neçə gün onun cavabını axtarmışdıq. Biləndə ki, bu tapmacanın cavabı " dili-ağzı olmayan,bizimlə ağaca çıxan" kitabdır, gözlərimiz bərələ qalmışdı. Görəsən kitablar olmasaydı ulu Nizamini, bütün misraları möcüzə olan Füzulini, dahi Nəsimini... bu günki nəsillər necə tanıyardı?! Bu dahilərin yaratdıqları və bu günkü nəsillərə ərməğan kimi, gəlib çıxan əsərləri müqəddəsdir. Mərhum şair Elbrus Şahmarın dostum tərəfindən mənə bağışlanmış kitabında oxumuşdum: Bakının Nardaran kəndində qonaq olduğun evdə Füzulinin kitabına baxmaq istəsən, gərək əvvəlcə əllərini yuyasan... Bəli, müqəddəs kitaba belə münasibət alqışlanmalıdır. Ən çox nəşr olunan hörmətli yazıçımız, dedektiv əsərlər ustası Çingiz Abdullayev deyir ki, istəməyən adama kitab vermə. Başa düşüləndi, yəni faydası olmayacaq.
Dünya şöhrətli alimimiz Xudu Məmmədovun dahiyanə fikirlərini xatırlamaq burada necə də yerinə düşür: "Həyatın bütün çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, uğurlar yolunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu, ölməz "Koroğlunun" uverturasına qulaq as, muğamlarımızı, saz havalarımızı dinlə. Sənə yenidən qalxıb, irəli getmək həvəsi gələcək..."
Yazımın əsas mövzusu isə kitab və kitabxanalar barədə idi. Hər bir ziyalı bu məsələyə öz münasibətini bildirməlidir. Biz elliklə kitablı günlərimizə qayıtmalıyıq. Kitab yenə də hər bir evin bəzəyi olmalıdır. Niyə bu gün Bakıda fəaliyyət göstərən kitab evlərinin bölgələrdə filialları, məntəqələri olmasın?!
Düz bir əsr əvvəl etdiyi inqilabı çevirişlə dünyanı silkələmiş Volodya Ulyanovun silahdaşı Nadeyda Krupskayanın dediyi kimi: " Evdə kitab olanda adam tək olmur..."
Elə biz də...