lider-media.az

Torpaqların minalardan təmizləməsi dayanıqlı inkişaf üçün əsas şərtdir

Tarix: 18-12-2024, 09:12

Bir neçə ildir ki, torpaqlarımız erməni işğalçı qüvvələrindən azad edilsə də, onun mina sahələrindən və partlamamış hərbi sursatlardan hələki tam təmizlənməsi mümkün olmayıb. Bu isə olduqca çətin və uzun illər tələb edən bir fəaliyyətdir. Azərbaycan Ordusunun bir gün mütləq tarixi ədaləti bərpa edəcəyi həqiqətini yaxşı anlayan Ermənistan işğal dövründə əraziləri minalamaqla təxribata əl ataraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozdu.

Ümumiyyətlə, basdırılan minaların ətraf mühitə dağıdıcı təsirləri hər kəsə bəllidir. Təhlükəli qurğuların partlaması torpağa və havaya öz mənfi təsirini göstərir ki, bu da uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Torpaqların minalardan təmizləməsi təkcə təhlükəsizlik məsələsi deyil, həmçinin dayanıqlı inkişaf üçün əsas şərtdir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. ... ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir”.

Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin əsas hədəfi ərazilərin qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənərək yerli icra strukturlarına təhlükəsiz şəkildə təhvil verilməsi, öz torpaqlarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşların doğma yurdlarına qayıtması və həmin ərazilərdə yaşayış, kənd təsərrüfatı və müxtəlif sahələrin yenidən bərpa olunmasına yönəlib. ANAMA öz səlahiyyətləri daxilində vətəndaşların minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır.

Agentlik işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də zəruri tədbirlər yerinə yetirir.

 Bu istiqamətdə işləri uğurla davam etdirilir və Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən  illər ərzində 300-dən çox Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan minalar  Azərbaycan vətəndaşlarının həyatını isə təhlükə altında qoyur.

Bu gün "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını, bu ərazilərdə iqtisadi və sosial həyatın canlanmasını dəstəkləyən humanitar minatəmizləmə fəaliyyəti sayəsində Zəngilan, Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl rayonlarında 8752-dən çox məcburi köçkündən ibarət ümumilikdə 2290 ailə məskunlaşıb. Onu da qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.  

Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Elə bu günlərdə Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib. Təlimin məqsədi sakinlərə təhlükəsizlik qaydaları barədə məlumat vermək, onları şübhəli ərazilərin əlamətləri haqqında maarifləndirməkdir. Bundan başqa, sakinlərə təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, şübhəli əşyalara toxunmamağa çağırışlar edilib. Həmçinin Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ maarifləndirici plakatlar da paylanılıb.

Beynəlxalq ekspertlər işğaldan azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu günlərdə keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib. Bildirib ki, baş vermiş hadisələrin 70 faizdən çoxu təmas xəttindən içəridə qeydə alınıb.

Xatırladaq ki, ötən ay işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlara görə, noyabr ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 456 piyada, 85 tank əleyhinə mina, 2274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.4707,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

                                                                                            

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi