BU KÖÇ O KÖÇDƏN DEYİL
Köç sanki bu xalqın taleyinə yazılıb. XX əsrdə Qərbi Azərbaycanda və Qarabağda yaşayan soydaşlarımız dəfələrlə taleyin bu acı sınağına çəkildilər. Zaman-zaman ermənilər fürsət tapdıqca havadarlarının köməyilə əzəli sakinləri doğma yurd-yuvalarından didərgin saldılar. Soydaşlarımız Azərbaycanın şimalında müxtəlif bölgələrdə müvəttəti məskunlaşaraq aranın sakitləşməsini gözlədilər. Pənah gətirdikləri yerlərdə əbədi qalanlar da oldu, doğma torpaqlara geri dönənlər də.
“Böyük Ermənistan” xülyası ilə zəhərlənən daşnaklar isə öz məkrli niyyətlərindən əl çəkmədilər. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Arutyunov Moskvada rəhbərlik qarşısında keçmiş Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdı. Bunu da onunla izah etdi ki, Moskvada Stalinlə VI Qaragenin görüşü zamanı bütün ermənilərə “vətənə” qayıtmaq çağırışı xaricdə böyük əks-səda doğurub. Odur ki, Ermənistan ərazisini genişləndirmək zərurəti vardır...
Bundan sonra maskalanmış daşnak, qəddar terrorçu A.Mikoyan başda olmaqla ermənilərin tələbi, təkidi və bilavasitə iştirakı ilə köçürülmə əməliyyatının layihəsi Stalinə təqdim edildi. Stalin əvvəlcə razılaşmadı. Lakin Mikoyan erməni hiyləgərliyini işə saldı, bəzi lazımi “sənəd”ləri və “fotoşəkil”ləri rəhbərə göstərdi. Sovet dövlətinin rəhbəri nəhayət ki, razılığını verdi. Beləliklə, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarı ilə azərbaycanlıların “mədəni” surətdə doğma torpaqlarından çıxarılması üçün ilk zəmin yarandı. 1948-1953-cü illərdə 200 mindən çox soydaşımızın Ermənistandan köçürülməsi nəzərdə tutulurdu.
Məmləkətin qədim bir milləti üçün xüsusi “torba” tikilib hazırlandı. Bəli, ermənilər öz çirkin planlarından daha birini həyata keçirmək üçün məqam əldə etmişdi. Bu istəklərini də reallaşdırdılar, azərbaycanlıların əzablı günləri başladı. “Könüllü köçürmə” adı altında vaqonlara doldurulub Azərbaycana göndərilən soydaşlarımızın heç bir xahişi, rəyi, etirazı nəzərə alınmadı.
Ermənilər köçürülmə siyasətini əsrin sonlarında istədikləri kimi yekunlaşdırmağa müvəffəq oldular. Bu dəfə isə SSRİ-nin digər bir rəhbəri xain Mixail Qorbaçov öz “atalıq qağısı”nı nümayiş etdirdi. Məhz onun köməyilə Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. 1988-ci ilin qarlı qışında yenidən köç karvanları Azərbaycana üz tutdu. 200 mindən çox soydaşımız öz vətənindən qaçqın düşdü. Ardınca isə daha çox torpaq iddiasında olan Ermənistan fürsətdən istifadə edərək Qarabağı da işğal etdi. Bu dəfə soydaşlarımız vətəndə məcburi köçkün taleyi yaşadılar.
Nəhayət Azərbaycan xalqının çəkdiyi uzun illərin istirablarına 44 günlük İkinci Qarabağ müribəsində son qoyuldu. Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə başlanıldı. Dövlət başçısının dediyi kimi, bununla əlaqədar Aazərbaycanın böyük planı vardı: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim həmimizdan asılıdır ki, bu sözlər yerinə yetirilsin Ona görə də 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.
Tezliklə genişmiqyaslı işlərə başlanıldı. Qarabağ və Şərqi-Zəngəzurda bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin, rifahın davamlılığının təmin edilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu təsis olundu. “Ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsi istiqamətində ilk layihə Zəngilan rayonunun Ağalı kəndində icra edildi. Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri quruculuq işlərində iştirak etdilər.
Ağalı kəndinin təməli 2021-ci il aprelin 26-da qoyuldu. Zəngilanın Ağalı kəndinin sakinləri ilə görüşündə dövlət başçısı demişdi: “Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir...”. Prezident İlham Əliyev həmin gün Zəngilan Hava Limanı və Horadiz-Zəngilan avtomagistral yolunun təməlini də qoydu. Həmçinin dövlət başçıısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan məscidində də oldular. Burada onlara məlumat verildi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına uyğun olaraq məscidin mövcud binasının qiymətləndirilməsi işləri aparılıb. Bu işi məşhur Otelye Kummer Agentliyinin nümayəndələri həyata keçiriblər.
Bakıdan Ağalıya ilk köç karvanının yola salınması həqiqətən tarixi hadisə idi və hər bir azərbaycanlıya qürur yaşatdı. Bu, adı köç deyildi, otuz illik arzularımızın gerçəkləşməsi idi. Yuxularımız çin olmuşdu. Doğma yurda qayıdışın sevincini isə o karvana qoşulanlar daha çox hiss edirdi.
O gün ilk köçün sevincini yaşayan aqalılılar özlərini dünyanın ən xoşbəxt insanları sayırdılar. Niyə də olmasınlar, otuzillik yurd həsrətinə son qoyulurdu. Onlar ən müasir infrastrukturu olan kənddə, yeni evlərdə məskunlaşdıqları üçün sevinirdilər.
Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi 2022-ci il sentyabrın 7-də baş tutdu. Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüldü. Doğma torpaqlarına qayıdan sakinlərin sevinclərinin həddi-hüdudu yox idi. Çünki illərlə bu günün həsrətini çəkən ağalılılar doğma yurdlarına qayıdırdılar. Hamı qəlbindən keçən fikirləri, hissləri eyni ifadə edirdi: Bu günə görə ilk növbədə Prezident İlham Əliyevə, şəhid analarına, atalarına və Azərbaycan Ordusuna minnətdarıq.
Böyük Qayıdış mərhələ-mərhələ həyata keçirilir. Strateji fəaliyyət planına əsasən, əhalinin köçürülməsi üçün, ilk növbədə infrastruktur yaradılır. Bunun üçün isə təbii ki, vaxt tələb olunur. Təəssüf ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpasına minalar böyük maneçilik törədir, ancaq buna baxmayaraq, ölümsaçan silahın təmizlənməsi də quruculuq işləri ilə parallel aparılır.
Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra azadlığına qovuşan Xankəndi, Xocavənd, Xocalıya qayıdış bu ilin sonunadək reallaşdırılacaq. Şuşaya da köç karvanı yola salınacaq.
Bəli, Qarabağa köç davam edir. Bu köç o köçdən deyil. Bu köç Azərbaycan dövlətinin gücünün, şəxsən Prezident İlham Əliyevin Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpasına göstərdiyi qətiyyətli siyasi iradənisinin nümayişidir.