16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
Bu bir gerçəklikdir ki, ölkəmizin bütün regionlarında mədəni müxtəliflik həyat tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş, dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilmişdir.
Dövlət siyasəti və həyat tərzi olaraq ölkəmizdə multikultiralizmin təməli Ümummilli Lider tərəfindən qoyulmuşdur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsindən qurtarması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii ki, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bu günə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayır.
Minilliklərin bir-birini əvəz etdiyi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev seçim yolunun xalqlar və dinlər arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın olduğunu göstərmişdir. Azərbaycan xalqı onun bu istiqamətdə bütün müdrik tövsiyə və çağırışlarını yekdilliklə dəstəkləmişdi. Bu xalqımızın tarixi missiyasında əsaslı dönüşə səbəb olub. Ulu öndər Heydər Əliyevin kursunun layiqli varisi Prezident İlham Əliyev həmin birlik, bərabərlik konsepsiyasına yeni nəfəs verib, onu daha da zənginləşdirərək təkmilləşdirib, reallaşdırıb. Bu proses davamlı və mükəmməl olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşıb, ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirib. Multikulturalizm siyasəti bu gün Azərbaycan xalqının qiymətli sərvətidir. Lakin bu xəzinə həm də beynəlxalq münasibətlərdə mühüm dəyərə malikdir və hazırda sivilizasiyalar, mədəniyyətlər arasındakı dialoqun qurulmasını sürətləndirən, onun effektivliyini artıran mühüm amillərdən biridir.
Ulu öndər respublikada yaşayan bütün xalqlara, millətlərə, habelə dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara münasibəti bu cür bəyan etmişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Qeyd olunmalıdır ki, müstəqilliyin bərpasından sonra multikultiralizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında rol alırlar. Azərbaycandakı fərqli etnik qrupların münaqişə olmadan, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşaya bilməsi faktı dövlət başçısının Azərbaycan multikultural cəmiyyətindəki inteqrasiya və idarəetmə siyasətinin uğurlu nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın multikulturalizm modelinin digər ölkələrlə müqayisədə müsbət mənada kəskin fərqlənməsinin əsas səbəbi ilk növbədə onun dövlət siyasəti olmaqla yanaşı, həm də xalqın həyat tərzinin bir parçası kimi mövcudluğudur. Siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktları ilə yanaşı fərman və sərəncamlarda da qeyd olunan bu siyasət eyni zamanda ölkənin sosial-iqtisadi, mədəni sahələrdə inkişafının da təməlidir.
Prezident İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd etmişdir. Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğulamış, bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırmışdı. Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit isə Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğulamış, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. P.Qoldşmit həmçinin Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu söyləmiş, Quba rayonuna səfər etdiyini və burada yəhudi icmasının yaşayış şəraiti ilə tanış olduğunu, orada 13 sinaqoqun fəaliyyət göstərməsinin onda dərin təəssürat yaratdığını qeyd etmişdir.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmışdır. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də bu missiyanı uğurla yerinə yetirir. Azərbaycanda hər zaman etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri yaranmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Müxtəlif dini konfessiyaların nümayəndələri daim Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və müstəqilliyi naminə əzmlə mübarizə aparmışlar. Fərqli dinlərə mənsub və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçərək şəhidlik məqamına yüksələn vətəndaşlarımızın son mənzili olan Şəhidlər xiyabanı indi bizim təkcə müqəddəs məkanımız yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur.
Azərbaycandakı mövcud tolerantlığın kökü qədim dövrlərə gedib çıxır. Bu məmləkətdə əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılarla – Azərbaycan türkləri ilə yanaşı, talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, qrızlar, buduqlar, ruslar, kürdlər və sair kimi milli və etnik azlıqlar əsrlərboyu mehribancasına, dinc – yanaşı yaşamışlar. Azsaylı xalqların folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün Azərbaycan sosial-iqtisadi və digər sahələrdə dünyada qabaqcıl mövqeləri tutursa, bu həm də onun müxtəlif mədəni, etnik qrupları birləşdirərək qorumasının, dəyərlərin qiymətləndirilməsinin göstəricisidir. İnkişafımızın təməlində olan Azərbaycanın multikulturalizm modeli bütün dünyaya müasir inkişaf nümunəsi göstərmiş və artıq özünü sübut etmişdir. Hazırda ölkəmizin bu sahədə təcrübəsi bir örnək kimi öyrənilir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi, həyat tərzi, müxtəlif cəmiyyətlərə tolerant münasibətilə multikulturalizmi yaşadır və onun gələcəyini müəyyən etməklə ölkənin inkişafını gücləndirir.
Lider-Media.az